
“Yaşın keçib”, “evdə qalacaqsan”, “camaatın uşaqları evlənib”, “bir nəvə görmədik” – bu cümlələr bir çox gənc üçün yad deyil. Gənclər müəyyən yaşa çatdıqdan sonra ailə içində evlilik mövzusu tez-tez müzakirəyə çıxarılır. Evlənmək niyyətində olmayan gənclər işini, karyerasını, oxumağını əsas gətirsələr də, valideyinlərin cavabları adətən eyni olur: “hamı evlənir”, “vaxt keçir”, “sonra gec olacaq”.
Mövzu ilə bağlı Yeniavaz.com -a danışan sosioloq Nailə İsmayılova bildirib ki, gənclər cəmiyyətin əsas aparıcı qüvvəsidir və onlara münasibətdə daha həssas davranılmalıdır:
“Onların həyat tərzi bizim həyat tərzimizdən daha fərqli ola bilər. Gəncdirlər, bəziləri daha çox oxumaq, təhsil almaq istəyir, bəziləri ümumiyyətlə təhsil almaq istəmir, yaxud da artıq hansısa bir peşə ilə məşğul olmağı seçir. İnsan özü mürəkkəb varlıq olduğu kimi, onun dünyaya baxışı, gələcəyə münasibəti və şəxsiyyət olaraq formalaşması da zamanla dəyişə bilər. Bu baxımdan biz böyüklər olaraq gənclərin daha çox karyera qurmalarına dəstək olmalıyıq. Əgər bir insan özünü daha çox inkişafa həsr edirsə, karyera qurmağa çalışırsa, biz onun yolunu kəsməməliyik ki, “sən evlənməlisən, mən nəvə görməliyəm”. Bu, düzgün düşüncə tərzi deyil”.

Nailə İsmayılova
Sosioloqun sözlərinə görə, evlilik və ailə qurmaq məsələsi gəncin şəxsi seçimidir və bu mövzuda kənar təzyiqlər yolverilməzdir:
“Evlənmək və ailə qurmaq məsələsinə gəldikdə, ümumiyyətlə bu, gəncin özünə aid olan şəxsi məsələdir. Məncə, burada kənar təzyiqlərə ehtiyac yoxdur. Biz böyüklər – yaşlı nəslin və ya orta nəslin nümayəndələri olaraq gənclərə tövsiyə verə bilərik, amma onlara təzyiq göstərməməliyik. Ailələrin xüsusilə iki məsələyə qarışmaması vacibdir: ixtisas seçimi və ailə qurmaqla bağlı qərar. Çünki bu iki seçim insanın gələcəkdə quracağı həyatın və karyeranın əsasını təşkil edir”.
Nailə İsmayılova vurğulayır ki, evlilik sevgi üzərində qurulmalıdır, sevgi yoxdursa, ailənin təməli düzgün qoyulmayıb:
“Bəzən insan yalnız sevdiyi insanla ailə qurduqda özünü daha xoşbəxt hiss edir. Gələcəkdə müəyyən xarakter fərqləri və anlaşılmazlıqlar ola bilər, amma bunu heç kim əvvəlcədən bilə bilməz. Bu, gələcəyin işidir. Sevgi ilə qurulan ailələrdə hər iki tərəf özünü daha xoşbəxt hiss edir. Təəssüf ki, bəzi ailələrdə valideynlər, bəzən isə nənə-babalar tərəfindən gənclərə müəyyən təzyiqlər göstərilir. Düşünürəm ki, bu cür təzyiqlərlə qurulan ailələrin gələcəkdə davamlı olması sual altındadır. Çünki həmin gənc öz seçimini etməyib, başqaları onun yerinə seçim edib. Bu yanaşma düzgün deyil. Valideynlər övladlarına tövsiyə verəndə, onları yönləndirəndə bunu düzgün və sağlam şəkildə etməlidirlər”.
Psixoloq Vüsalə Əmiraslanova isə bildirib ki, gənclərin üzləşdiyi əsas problemlərdən biri cəmiyyətin onlara hazır ssenarilər təqdim etməsidir:
“Bu bölünmələr əsasən təhsillə bağlı, məktəblə, məktəbəqədər müəssisələrlə, universitetlə əlaqəli olur. Valideynlərin bu mövzuda müəyyən arzuları var. Bu arzular, əlbəttə ki, gəncin gələcəkdə özünü maddi cəhətdən təmin etməsi və cəmiyyətdə müəyyən bir yer tutması üçündür. Amma ailə məsələləri bir az fərqlidir. Bu ssenarilərin içində belə bir düşüncə də var ki, mütləq uşaq ailə qurmalıdır, mütləq övladı olmalıdır və s. Mən düşünürəm ki, hər bir ata-ana öz övladını kiçik yaşlarından yaxşı tanıyır və onun hansı yaşda ailə qurmağa hazır olduğunu təxmin edə bilir. Amma bu, mütləq gəncin özünüqavrama səviyyəsindən, məntiqindən, intellektual durumundan və psixoloji hazırlığından asılıdır”.

Vüsalə Əmiraslanova
Vüsalə Əmiraslanova vurğulayıb ki, ailə qurmaq dəyərli institutdur, lakin bu qərarı hansı yaşda verəcəyini ilk növbədə insanın özü müəyyən etməlidir:
“Hansı yaşda ailə quracağına birinci növbədə insanın özü qərar verməlidir. O, bu qərara hazır olmalıdır. Çünki bu qərardan geri dönmək artıq bir ailənin dağılmasına və başqa insanların da bədbəxtliyinə səbəb ola bilər. Belə olan halda uşaqlar valideynləri ilə səmimi danışmalı, fikirlərini açıq şəkildə bölüşməlidirlər. Kimlə ailə quracaqlarını da özləri müəyyən etsələr, daha yaxşı olar”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz