
Ötən gün ABŞ tərəfindən ələ keçirilən Rusiya bayrağı altında üzən neft tankerinin ekipaj üzvlərinin hansı ölkələrdən olduğu məlum olub.
Yeniavaz.com xəbər verir ki, tanker ekipajı ümumilikdə 28 nəfərdən ibarət olub.
Onlardan 20-si Ukrayna, kapitan da daxil olmaqla 6-sı Gürcüstan, 2-si isə Rusiya vətəndaşıdır.
Məlumata görə, ABŞ 7 yanvar tarixində Atlantik okeanında Venesuela ilə əlaqəli olan və Rusiya bayrağı altında üzən “Bella 1” neft tankerini saxlayıb. Qeyd olunur ki, tanker müsadirə edilən zaman “Marinera” adı altında, lakin Rusiya bayrağı ilə üzürmüş.
ABŞ Baş Prokurorluğunun açıqlamasına əsasən, “Bella 1” Venesuela və İrandan neft daşıyıb. Bildirilib ki, tanker heyəti sanksiyaları pozmaqla yanaşı, ABŞ Sahil Mühafizəsinin tələblərinə tabe olmayıb və qaçmağa cəhd göstərib.
Qeyd edək ki, ABŞ 2024-cü ildə “Bella 1” tankerinə İran neftini qanunsuz daşıyan “kölgə donanması” gəmisi kimi sanksiyalar tətbiq edib.
Xatırladaq ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt 7 yanvarda keçirilən brifinqdə jurnalistlərə bildirib ki, tankerin müsadirə olunması ilə bağlı məhkəmə qərarı heyət üzvlərinə də şamil edilir. Onun sözlərinə görə, ekipaj üzvləri ABŞ-yə gətirilə və məhkəmə qarşısına çıxarıla bilər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz