
Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.
Qeyd olunub ki, hadisə zamanı dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
“Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb”, - məlumatda bildirilib.
İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb:
“Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb”.
Tətbiqimizi yükləyə bilərsiniz