
Son günlər Bakıda dumanlı hava şəraiti müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, xüsusilə səhər və axşam saatlarında görünüş məsafəsinin azalması şəhər həyatına, eləcə də nəqliyyatın hərəkətinə müəyyən çətinliklər yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Yeniavaz.com-a bildirib ki, dumanın yaranması əsasən havadakı temperatur fərqləri ilə əlaqədardır:
“Havadakı temperatur fərqi torpağın istiləşməsi və ya havanın soyuması ilə bağlıdır. Bu proses adətən isti hava kütləsinin soyuq səthlə toqquşması və ya əksinə, soyuq hava kütləsinin isti torpaq üzərindən keçməsi nəticəsində baş verir. Şəhər mühitində bu hal daha aydın müşahidə olunur. Çünki şəhərlərdə asfalt və binalar gün ərzində tez qızır, bəzən isə şimaldan və ya qərbdən gələn soyuq hava kütlələri ilə qarşılaşır. Bu qarşılaşma nəticəsində havada qarışıqlıq yaranır. Dəniz havasının da bu prosesdə müəyyən təsiri var”.
Ənvər Əliyevin sözlərinə görə, növbəti günlərdə hava tədricən stabilləşəcək və isti günlərin sayı azalacaq:
“Keçid dövrlərində – xüsusilə payız, qış və yaz fəsillərinin əvvəllərində – bu cür hadisələr daha çox müşahidə olunur. Belə vaxtlarda havanın necə olacağını dəqiq demək çətindir: nə vaxt isinəcəyini, nə vaxt soyuyacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur. Qarşıdakı günlərdə hava tədricən stabilləşəcək, ehtimal ki, isti günlərin sayı azalacaq. Ancaq bəzən bugünkü kimi isti hava kütlələri də müşahidə oluna bilər. Duman qorxulu bir hadisə deyil, sadəcə olaraq yol-nəqliyyat proseslərinə müəyyən mənfi təsir göstərir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz