Ucuz məhsul keyfiyyətsizdirmi? – Ekspertlərdən açıqlama


Marketlərdə eyni məhsulun fərqli qiymətlərlə satılması alıcıların tez-tez rastlaşdığı hallardandır.
Yeniavaz.com
xəbər verir ki, eyni marka və qablaşdırmada olan məhsul bəzi marketlərdə baha, digərlərində isə daha ucuz qiymətə təklif olunur. Bu hal isə alıcıların ucuz qiymətə satılan məhsulların keyfiyyəti ilə bağlı tərəddüd yaşamasına səbəb olur.
Bəs eyni məhsul daha ucuz satılırsa, bunun səbəbi nədir və keyfiyyətlə əlaqəsi varmı?

Eyyub Hüseynov

Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qiymət fərqlərinin bir neçə əsas səbəbi ola bilər:
“Bəzi hallarda məhsulların son istifadə tarixinə az vaxt qaldığı üçün onlar daha ucuz qiymətə satışa çıxarılır. Həmçinin məhsulların anbarda müəyyən istilik və ya təzyiqə məruz qalması da qiymət fərqinin yaranmasına təsir göstərə bilər”.
Qida eksperti Seymur Qafarov isə Yeniavaz.com-a açıqlmasında qeyd edib ki, eyni tərkibli məhsulların müxtəlif qiymətlərə satılması qida təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşımır:
“Bir sıra marketlərdə eyni tərkibli məhsullar müxtəlif qiymətlərə satılır. Qida təhlükəsizliyi nöqteyi-nəzərindən eyni tərkibli məhsulların müxtəlif qiymətə satılması mühüm əhəmiyyət kəsb etmir. Çünki qida məhsullarının keyfiyyəti fərqli olsa belə, bu satış məsələsi qida təhlükəsizliyi ilə birbaşa əlaqəli deyil. Bu, o demək deyil ki, bir məhsul bahadırsa daha keyfiyyətlidir və ya ucuzdursa daha aşağı keyfiyyətə malikdir".

Seymur Qafarov

Onun sözlərinə görə, məhsulların keyfiyyəti əsasən istifadə olunan xammalın əldə olunma dəyəri ilə ölçülür:
“Elə məhsullar ola bilər ki, onların ərsəyə gəlməsi üçün istifadə olunan xammallar ölkə xaricindən idxal olunur. Bu zaman müəyyən gömrük rüsumları tətbiq edilir və həmin rüsumların əlavə olunması məhsulun maya dəyərini artırır. Bu isə ölkəmizdə istehsal olunan iki eyni məhsul arasında qiymət fərqinin yaranmasına səbəb ola bilər”.
Ekspert əlavə edib ki, ucuz məhsulların qiyməti onların keyfiyyətinin aşağı olması ilə bağlı deyil:
“Qiymətin aşağı olması xammalın əldə olunma şəraiti ilə bağlıdır. Buraya qablaşdırma materialları, xammalın yerli olması, istehsal müəssisəsinə yaxın məsafədən təmin edilməsi, həmçinin xammalın qiymət göstəricilərinin ucuz olması daxildir. Bu və digər səbəblər əsasında məhsulların qiyməti daha aşağı ola bilər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top