İran sərnişin təyyarələrini Ermənistan vasitəsilə əldə edirmiş – Araşdırma


Əvvəllər müflis olmuş Ermənistan aviaşirkəti – “Atlantis European Airways” tərəfindən idarə olunan üç təyyarənin İranda olduğu ortya çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Hetq” portalının apardığı araşdırmada yer alıb.
Bildirilir ki, hazırda bu təyyarələr uçuş həyata keçirməsə də, onların yaxın vaxtlarda İran aviaşirkətlərindən birinin tərkibində istismara veriləcəyi və ya ehtiyat hissələrə çevriləcəyi ehtimal olunur.
Söhbət Ermənistanda EK-32002, EK-32003 və EK-32008 qeydiyyat nişanları altında uçmuş üç ədəd “Airbus A320” təyyarəsindən gedir.
EK-32002 təyyarəsi 2003–2005-ci illərdə Ermənistanda qeydiyyatda olub və həmin dövrdə fərqli qeydiyyat nömrəsi (EK-32007) daşıyıb. Təyyarə “Armavia” aviaşirkəti tərəfindən istismar edilib. 2017–2023-cü illərdə isə “Atlantis European Airways” şirkətinin qeydiyyatında olub və müxtəlif daşıyıcıların ehtiyacları üçün istifadə edilib.
EK-32003 təyyarəsi 2018–2023-cü illərdə “Atlantis European Airways”in tərkibində qeydiyyatda olub.
Ermənistan aviasiyasının ən qədim təyyarələrindən biri sayılan EK-32008 isə 2003–2023-cü illər ərzində Ermənistan reyestrində yer alıb. Təyyarə 2003–2013-cü illərdə “Armavia” donanmasında, daha sonra isə “Atlantis European Airways”in tərkibində fəaliyyət göstərib.
EK-32002 və EK-32008 təyyarələri sonuncu dəfə 2020-ci ilin payızında, EK-32003 isə daha əvvəl uçuş həyata keçirib. 2023-cü ilin noyabr ayına qədər bu üç təyyarə istismarda olmayıb və “Zvartnots” hava limanında park edilmiş vəziyyətdə saxlanılıb. Buna baxmayaraq, onlar Ermənistanın hava gəmiləri reyestrində qalmaqda davam edib.
2023-cü ilin noyabrında təyyarə sahiblərinin müraciətləri əsasında bu üç hava gəmisi Ermənistan reyestrindən çıxarılıb və rəsmi qeydiyyatları ləğv edilib. Lakin 2023–2025-ci illər ərzində təyyarələr yenə də “Zvartnots” hava limanında park edilmiş vəziyyətdə qalıb.
Məlumata görə, “Atlantis European Airways”ə məxsus olmuş bu üç təyyarə ABŞ reyestrindən də çıxarılıb. Keçmişdə bu təyyarələrin sahibləri ilə bağlı müxtəlif vaxtlarda məlumatlar dərc edilib.
Belə ki, EK-32002 təyyarəsinin sahibi Kiprdə qeydiyyatdan keçmiş “Arolova Enterprises Limited” şirkəti, EK-32003 təyyarəsinin sahibi Belizdə qeydiyyatdan keçmiş “Gratsyn Enterprises Corp.”, EK-32008 təyyarəsinin sahibi isə Ermənistanın “Unibank” bankı olub. Bu şirkətlərin hamısı “Unibank”ın son faydalanan sahibləri olan Qaqik Zakaryan və Georgi Piskovla əlaqələndirilir. Onlar sovet dövründə Moskvada aviasiya təhsili alıb, sonradan isə bank sektorunda fəaliyyət göstəriblər. Ermənistan aviatorları arasında yayılan şayiələrə görə, “Atlantis European Airways”in faktiki sahibi də Unibank olub. Qeyd edək ki, 2020-ci ilin payızında aviaşirkət məhz bankın müraciəti əsasında müflis elan edilib.
2020-ci ildə “Unibank”dan EK-32008 qeydiyyatlı A320 təyyarəsinin Ermənistandan çıxarılmasının mümkün olub-olmaması ilə bağlı sorğuya bank belə cavab verib: “EK-32008 təyyarəsinin Ermənistan Respublikası hava gəmiləri reyestrindən çıxarılması üçün heç bir addım atılmayıb. Lakin Ermənistan aviadaşıyıcılarının EASA-nın “qara siyahısı”ndan çıxarılması məsələsi yaxın gələcəkdə həllini tapmazsa, belə bir ehtimal istisna edilmir”.
Xatırladaq ki, Ermənistan aviasiyası 2020-ci ilin iyun ayından Avropa İttifaqının “qara siyahısı”nda yer alır.
Bu fonda, “Unibank” sahibləri ilə əlaqəli Ermənistan və xarici şirkətlərə məxsus olan üç keçmiş “Atlantis” təyyarəsi 2025-ci ildə Ermənistandan çıxarılıb.
Beləliklə, 2020–2025-ci illər ərzində “Zvartnots” hava limanında hərəkətsiz qalan keçmiş EK-32002 təyyarəsi (Kipr şirkəti Arolova Enterprises Limited-ə məxsus olan bu hava gəmisi 2023-cü ilin noyabrından etibarən Ermənistan qeydiyyatında olmayıb və başqa heç bir ölkədə də qeydiyyata alınmayıb) “planespotters.net” saytının məlumatına görə, 2 avqust 2025-ci ildə Hind okeanında yerləşən Komor adalarının reyestrində D6-LAL qeydiyyat nömrəsi ilə qeydə alınıb.
Həmin mənbənin məlumatına əsasən, eyni gün təyyarə Yerevandan Omanın “Sohar” hava limanına köçürülüb. Oktyabrın 2-də isə hava gəmisi İrana yola düşüb. Tehran istiqamətində hərəkət edən təyyarə naməlum səbəbdən İranın cənubunda yerləşən “Çabahar” hava limanına eniş edib. Oktyabrın 3-də isə D6-LAL “Çabahar”dan Tehranın “Mehrabad” hava limanına uçub və hazırda orada qalır.
Belizdə qeydiyyatdan keçmiş “Gratsyn Enterprises Corp”. şirkətinə məxsus olan və 2023-cü ilin noyabrından etibarən Ermənistan qeydiyyatı olmayan, lakin “Zvartnots”da park edilmiş vəziyyətdə qalan keçmiş EK-32003 təyyarəsi də 2 avqust 2025-ci ildə Komor adaları reyestrində D6-LEO kimi qeydiyyata alınıb. “Planespotters.net” saytının məlumatına görə, təyyarə 2 avqustdan 2 oktyabra qədər Omanın “Sohar” hava limanında saxlanılıb. Oktyabrın 2-də isə İrana uçub. “Flightaware.com”un məlumatına əsasən, D6-LEO sonuncu dəfə İranın Qeşm adası üzərində müşahidə olunub, lakin uçuş məlumatları “Qeşm” hava limanının onun son dayanacağı olmadığını göstərir. Bu təyyarənin də “Mehrabad” hava limanına çatdığı ehtimal edilir.
“Planespotters.net”in məlumatına görə, “Unibank”a məxsus keçmiş EK-32008 təyyarəsi də 2020-ci ilin noyabrından 1 oktyabr 2025-ci ilədək “Zvartnots”da park edilmiş vəziyyətdə olub. Oktyabrın 1-də Komor adaları reyestrində D6-LAE kimi qeydiyyata alınıb və 2 oktyabrdan etibarən Tehranın “Mehrabad” hava limanında yerləşdirilib. Təyyarə hazırda da oradadır.
“Airfleets.net” saytının məlumatına görə, D6-LAL, D6-LEO və D6-LAE qeydiyyatlı “Airbus” təyyarələri “Lion Alliance Europe” şirkətinin balansındadır. Böyük Britaniyanın hüquqi şəxslər reyestrinə əsasən, bu şirkət Şotlandiyada qeydiyyatdan keçib və əsas səhmdarı ukraynalı Yevgeni Kulikdir. Şirkətin rəsmi saytında qeyd olunur ki, “Lion Alliance Europe” əsasən təyyarə ehtiyat hissələri və komponentlərinin satışı ilə məşğuldur, həmçinin kiçik təyyarələrin alqı-satqısını həyata keçirir. Bu isə sual yaradır: sərnişin daşımaları ilə məşğul olmayan bir şirkətin balansında niyə keçmiş “Atlantis Airbu”s təyyarələri qeydiyyata alınıb?
Qərbin sanksiyaları altında olan İranda daha əvvəl də Ermənistan üzərindən müxtəlif təyyarələrin peyda olduğu nəzərə alınarsa, bu təyyarələrin Ermənistandan İrana daşınması üçün Komor adalarında müvəqqəti qeydiyyata alınması məntiqli görünür.
İranda baş verə biləcək proseslərlə bağlı iki ehtimal irəli sürülür: ya 28–34 yaşlı bu keçmiş Ermənistan təyyarələri İran aviaşirkətləri üçün ehtiyat hissələrə çevriləcək, ya da texniki baxış və xidmətlərdən sonra İran aviaşirkətlərindən birinin tərkibində uçuş fəaliyyətinə yenidən başlayacaqlar.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top