Bahalaşma ilə başlayan 2026 – Artan xərclər insan psixologiyasına necə təsir edir?


Xəbər verdiyimiz kimi, dekabrın 30-dan etibarən benzin və dizel yanacağının qiymətləri artırılıb, eyni zamanda elektrik enerjisi və təbii qaz üçün aylıq 1 manat sabit ödənişin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, ekspertlər qiymət artımlarının əhalinin gündəlik xərclərinə neqativ təsir edəcəyini bildirirlər.
Bəs yeni ili artan xərclər fonunda qarşılamaq insanların psixoloji durumuna necə təsir göstərir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Fəridə Musavi bildirib ki, baş verən bütün iqtisadi və sosial dəyişikliklər insanların psixoloji vəziyyətinə birbaşa təsir edir:
“Həyatımızda yaşadığımız hər şey bizim psixologiyamıza təsir edir. Amma buna alışmaq üçün zaman lazımdır. İnsanlar yavaş-yavaş uyğunlaşırlar. Çünki ilin yeni başlanğıcında insanlar psixoloji olaraq artıq bu şəkildə köklənməyə vadar olunurlar ki, “il bahalıqla gəlir”. Amma bu, elə də deyil. Dediyim kimi, insanlar özləri hər vəziyyətə uyğunlaşmağı və özlərinin psixoloqu olmağı bacarmalıdırlar. Onlar özlərini motivasiya verən durumlarla yükləməlidirlər”.     
Psixoloq İlkin Məmmədkərimli isə bildirib ki, yeni ilə qiymət artımları ilə başlamaq insanların ruh halına daha çox mənfi təsir edir:
“İnsanlar yeni ilə adətən ümid və gözləntilərlə daxil olurlar. Lakin yanacaq və kommunal xərclərin bahalaşması bu gözləntiləri kölgədə qoyur. Xüsusilə yanacağın qiymətinin artması yalnız bu sahə ilə məhdudlaşmır, ümumi istehlak xərclərinə təsir göstərir. Nəticədə ərzaq məhsullarının bahalaşması və ictimai nəqliyyatda qiymət artımı qaçılmaz olur”.
Psixoloqun sözlərinə görə, mövcud iqtisadi şərait insanların psixoloji durumunu daha da ağırlaşdırır:
“Hazırkı vəziyyətdə bir çox insanın aylıq gəliri yalnız iki həftəlik xərcləri qarşılamağa yetir. Bahalaşma fonunda isə əsas ehtiyacların ödənilməsi belə çətinləşir. Bu da ümumi olaraq insanlarda stress, ümidsizlik və depressiv əhval-ruhiyyənin artmasına səbəb olur”.
Psixoloq Aytən Ələkbərova isə bayram ərəfəsində bahalaşmanın psixoloji təsirinin nisbətən zəif hiss olunduğunu düşünür:
“Bayram öncəsi ümumiyyətlə nəyinsə qalxması insanların motivasiyasına o dərəcədə təsir etmir. Çünki insanlar artıq bayram hazırlığına, bayram süfrəsinin qurulmasına fokuslanırlar və bu artımların fərqinə tam vara bilmirlər. Bu, təbiidir. Belə yanaşmalar psixoloji olaraq insanın müəyyən məqamlarına təsir etsə də, yanvar ayının 15-dən sonra insanlarda baş verə biləcək hər hansı aqressiyanın əsas səbəbi məhz bu olmaya da bilər”.
Aytən Ələkbərovanın sözlərinə görə, yanvar ayında maliyyə balansının pozulması bir çox insanda  narahatlıq yaradır:
“Bilirik ki, büdcəyə əsasən, istər əməkhaqları, istərsə də pensiyalar yanvar ayında deyil, daha çox fevral ayının əvvəllərində verilir. Bu isə balansın uzun müddət qorunması baxımından müəyyən çətinliklər yaradır. Xüsusilə yanvar maaşını dekabr ayında alıb xərcləyən insanlar bir ay müddətində maddi sıxıntı yaşaya bilirlər. Bu zaman psixoloji təsir də qaçılmaz olur və “dolanışıq olmayacaq” kimi düşüncələr formalaşır. Lakin növbəti maaş alındıqdan sonra insan yenidən bu vəziyyətə adaptasiya olur, əvvəl düşündüklərini belə unudur və öz həyatında balansı qoruyaraq daha rahat yaşamağa başlayır”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top