
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Avrasiya Mətbuat Fondu (VÖEN – 1301581481) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ANAMA-nın sifarişi əsasında işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərini göstərəcək.
Görüləcək xidmətlərin qarşılığında ANAMA Beynəlxalq Avrasiya Mətbuat Fonduna 7 milyon 24 min 230 manat 80 qəpik ödəyəcək.
Onu da bildirək ki, ANAMA ötən ilin əvvəlində də Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə analoji müqavilə imzalayıb və 5 milyon 258 min 87 manat 32 qəpik ödəyib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi veb-saytında bu təşkilatın müxtəlif ölkələrdən olan bir qrup jurnalist tərəfindən yaradılmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olduğu qeyd olunub.
Bildirilir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Fondun 5 əsas fəaliyyət istiqamətinin olduğu qeyd olunub:
- Media və vətəndaş cəmiyyətinin inkişafı;
- İcma inkişafı;
- Qaçqınların/məcburi köçkünlərin problemləri;
- Sülhməramlı aksiyalar və münaqişələrin həlli;
- Təhsil.
Fondun saytında həmçinin göstərilir ki, təşkilatın Himayəçilik Şurasının sədri tanınmış yazıçı Çingiz Abdullayev, prezidenti isə Mətbuat Şurasının keçmiş sədr müavini Umud Mirzəyevdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz