
Venesueladakı hərbi əməliyyatdan və ölkə lideri Nikolas Maduronun həbsindən bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesueladan 30-50 milyon barel arasında neft alacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth social” hesabında yazıb.
O bildirib ki, yüksək keyfiyyətli neft ABŞ-yə bazar qiymətləri ilə satılacaq:
“ABŞ prezidenti kimi bu pulun Venesuela xalqının və ABŞ-nin xeyrinə istifadə olunmasını təmin etmək üçün ona nəzarət edəcəyəm”.
Tramp ABŞ-nin energetika naziri Raytdan planı dərhal həyata keçirməsini istəyib. Donald Trampın sözlərinə görə, Venesuela nefti ABŞ yük terminallarına göndəriləcək.
Qeyd edək ki, Venesuela neft ehtiyatlarına görə dünyada birinci yerdədir, baxmayaraq ki, istehsal səviyyəsi aşağıdır.
Venesuela 2000-ci illərin ortalarına qədər ABŞ-nin ən böyük neft tədarükçüsü idi. Vəziyyət o vaxtkı prezident Uqo Çaves neft sənayesini milliləşdirdikdən və ölkədə fəaliyyət göstərən Amerika neft şirkətlərinin aktivlərini müsadirə etdikdən sonra dəyişib.
Çavesin siyasəti 2013-cü ildə Venesuelada hakimiyyətə gələn Nikolas Maduro tərəfindən də davam etdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz