“İstəklilər Koalisiyanın” üzvləri nə qərara gəldi?


Ukraynanın təhlükəsizliyinə təminat verilməsinə dair Parisdə keçirilən “İstəklilər Koalisiyası” toplantısı başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə NATO-nun Baş katibi Mark Rutte, Polşanın Baş naziri Donald Tusk, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, Avropa Komissiyasının Sədri Ursula fon der Lyayen, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və digər siyasətçilər iştirak ediblər.
Makron, Zelenski və Kir Starmer müharibə başa çatdıqdan sonra Ukrayna ərazisinə “çoxmillətli qüvvələrin” yerləşdirilməsi planlarına dair bəyannamə imzalayıblar. Sənəddə bildirilir ki, “çoxmillətli qüvvə” Ukraynanın sülh və sabitliyə qayıtması üçün təhlükəsizlik təminatlarını və imkanlarını təmin edən qüvvə kimi çıxış edəcək.
Zelenski təhlükəsizlik zəmanətləri haqqında bəyannaməni “çox konkret” razılaşma adlandırıb. O, Ukraynanın artıq kifayət qədər məlumata malik olduğunu və hansı ölkələrin sazişdə iştirak edəcəyini, o cümlədən hər birinin verəcəyi töhfəni bildiyini qeyd edib.
Avropa Şurasının sədri Antonio Kosta bugünkü iclasın nəticələrini yüksək qiymətləndirib və bəyan edib ki, Aİ atəşkəs qüvvəyə minən kimi aktivləşdiriləcək siyasi və hüquqi təminatları verməyə hazırdır.
Finlandiya Prezidenti Aleksander Stubb təsdiqləyib ki, görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunub və Avropa və ABŞ-nin ortaq məqsədi geniş əsaslı və etibarlı təhlükəsizlik təminatları yaratmaqdır. O, həmçinin vurğulayıb ki, Ukraynanın ən yaxşı təhlükəsizlik zəmanəti öz silahlı qüvvələridir. Onun sözlərinə görə, görüşün ən mühüm nəticəsi ABŞ-nin təhlükəsizlik zəmanətlərinə sadiqliyini bir daha təsdiqləməsi olub. O, həmçinin bəyan edib ki, çoxmillətli qüvvələrin yaradılması nəzərdə tutulur və Finlandiya təbii şəkildə orada iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top