
2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Laszlo Krasnaxorkayın əsərləri əsasında çəkdiyi filmlərlə tanınan macar rejissoru, ssenaristi və prodüseri Bela Tarr vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Macarıstan Kinematoqrafçılar Assosiasiyası məlumat verib.
Məlumata görə, Tarr uzunsürən ağır xəstəlikdən sonra 70 yaşında vəfat edib.
Tarr 1955-ci ildə Peçdə teatr ailəsində anadan olub. Budapeşt Teatr və Kino Sənətləri Akademiyasını rejissorluq ixtisası üzrə bitirdikdən sonra kino sahəsində fəaliyyət göstərməyə başlayıb. 1987-ci ildən bəri Krasnaxorkayla əməkdaşlıq edərək, onun romanları və ssenariləri əsasında bir neçə film, o cümlədən “Lənət” (1988), “Şeytan Tanqosu” (1994) və “Verkmeyster Harmoniyaları” (2000) filmlərini çəkib.
Tarr ən son bədii filmi olan “Turin atı”nı yenə Krasnaxorkayın ssenarisi əsasında 2011-ci ildə çəkib. İnsan varlığının mürəkkəbliyini araşdıran ağ-qara film 61-ci Berlin Film Festivalında münsiflər heyətinin mükafatı olan “Gümüş Ayı” mükafatını qazanıb.
1981-ci ildən 1990-cı ilə qədər Tarr Macarıstanın əsas kinostudiyası olan “Mafilm”in direktoru olub. 2011-ci ildən 2023-cü ilə qədər o, Macarıstan Kinematoqrafçılar Assosiasiyasına rəhbərlik edib və daha sonra onun fəxri direktoru seçilib.
Tarr Macarıstan dövlət mükafatlarına layiq görülüb və mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində görkəmli nailiyyətlərə görə verilən “Layoş Koşut” mükafatı laureatıdır.
Həmçinin, Britaniyanın nüfuzlu “Sight and Sound” kino jurnalı kino tənqidçiləri arasında apardığı sorğuya görə, Tarr dünyanın ən yaxşı kinorejissorları arasında yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz