Trampın növbəti hədəfi Qrenlandiya ola bilər? – “The Economist” layihə hazırlandığını yazır


ABŞ administrasiyası Qrenlandiya ilə bağlı mümkün müqavilə layihəsi üzərində işləyir və bu sənədi adanın yerli hakimiyyət orqanlarına təqdim etməyi planlaşdırır.
Yeniavaz.com
“The Economist”ə istinadən xəbər verir ki, təklif olunan modelin Azad Birlik Sazişini (Free Association Agreement) əhatə edə biləcəyi bildirilir.
Qrenlandiya hazırda Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir.
Nəşr yazır ki, ABŞ Prezident Donald Trump Qrenlandiya məsələsini dəfələrlə “ada sakinlərinə böyük sərvət gətirəcək iri daşınmaz əmlak razılaşması” kimi təqdim edib.
“The Economist”in təhlilinə görə, Vaşinqton Azad Birlik Sazişi variantını müzakirə edir. Belə bir razılaşma ABŞ ordusuna tərəfdaş ölkələrin ərazisində geniş səlahiyyətlərlə fəaliyyət göstərmək imkanı verə, eyni zamanda rüsumsuz ticarət kimi iqtisadi üstünlüklər yarada bilər.
ABŞ daha əvvəl Sakit okean regionunda Palau, Mikroneziya və Marşal adaları ilə oxşar razılaşmalar imzalayıb. Bu çərçivədə Vaşinqton həmin ərazilərə maliyyə dəstəyi göstərir, əvəzində isə müdafiə və təhlükəsizlik sahəsində xüsusi hüquqlar əldə edir.
Məlumatda qeyd olunur ki, ABŞ-nin artıq Qrenlandiyada hərbi infrastrukturu mövcuddur və bu, Vaşinqtona geniş səlahiyyətlər verir.
“The Economist” yazır ki, ABŞ-nin adada yerləşdirə biləcəyi qoşunların sayına formal məhdudiyyət yoxdur. Bununla belə, mediada yer alan iddialara görə, qoşun sayının artırılması üçün Danimarkanın razılığı tələb oluna bilər. ABŞ rəsmilərinin Qrenlandiya hökuməti ilə birbaşa danışıqlar aparmaq cəhdləri isə indiyədək nəticəsiz qalıb.
Tramp daha əvvəl Qrenlandiyanın “Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu” əsas gətirərək adanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirmişdi. O, Qrenlandiyanın NATO üzvü olan Danimarkaya məxsus olmasına baxmayaraq, Vaşinqtonun adaya nəzarəti gücləndirməli olduğunu vurğulamışdı. ABŞ prezidentinin Qrenlandiya üzərində nəzarətin zorla ələ keçirilməsi ehtimalı ilə bağlı suallara isə birbaşa cavab vermədiyi qeyd olunur.
Bu açıqlamalardan sonra Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Vaşinqtonu qarşılıqlı əlaqələri bərpa etməyə çağırıb. O bildirib ki, ABŞ-nin Qrenlandiyanı fəth etməsi mümkün deyil və buna görə də “panikaya düşməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, Tramp daha əvvəl Qrenlandiyanı 600 milyon dollara almağı təklif etmiş, lakin Danimarka bu təklifi qəti şəkildə rədd etmişdi. Daha sonra isə Tramp Qrenlandiyanı ABŞ-nin “milli təhlükəsizliyi” üçün zəruri adlandırıb və Kopenhageni adaya nəzarətdən imtina etmədiyi təqdirdə yüksək tariflərlə hədələyib. O, hətta hərbi ssenarinin də tam istisna olunmadığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top