
Ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.
Yeniavaz.com Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına istinadən xəbər verir ki, son aylardakı müsbət dinamikaya baxmayaraq, ümumi satış həcmləri hələ də pandemiyadan əvvəlki səviyyələrdən xeyli aşağı qalır.
Hesabat dövründə batareya ilə işləyən elektrik avtomobillərinin (BEV) bazar payı 16,9%-ə yüksəlib. Bu göstərici illik proqnozlarla uyğun olsa da, enerji keçidi hədəflərinə çatmaq üçün aşağı göstərici hesab olunur.
Bildirilir ki, alıcılar arasında ən populyar seçim hibrid-elektrik avtomobillərdir.
2025-ci ilin ilk 11 ayında Aİ-də 1 milyon 662 min 399 yeni batareyalı elektrik avtomobili qeydiyyata alınıb. BEV satışlarının 62%-ni formalaşdıran dörd ən böyük bazarda artım qeydə alınıb – Almaniya (+41,3%), Belçika (+10,2%), Niderland (+8,8%) və Fransa (+9,1%).
Hibrid-elektrik avtomobillərin qeydiyyatı isə 3 milyon 408 min 907 ədədə çataraq bazarın 34,6%-ni təşkil edib. Artım əsasən İspaniya (+26%), Fransa (+24,2%), Almaniya (+8,7%) və İtaliya (+7,9%) hesabına təmin olunub.
“Plug-in” hibrid avtomobillərin (elektrik mühərrikləri ilə yanaşı təkrar doldurulan batareyalar da var) satışları da sürətlə böyüyür. Yanvar-noyabr dövründə 912 min 723 avtomobil qeydiyyata alınıb. İspaniya (+113%), İtaliya (+80,6%) və Almaniya (+62,7%) əsas artım mənbələri olub. Nəticədə bu seqmentin bazar payı 9,3%-ə yüksəlib (ötən il 7,1%).
Noyabr ayı üzrə illik müqayisədə BEV satışları 44,1%, hibrid-elektrik avtomobillər 4,2%, “plug-in” hibridlər isə 38,4% artım göstərib.
2025-ci ilin noyabrınadək benzinlə işləyən avtomobillərin qeydiyyatı 18,6% azalıb. Ən kəskin geriləmə Fransada (-32,1%) müşahidə olunub. Almaniya (-22,4%), İtaliya (-17,4%) və İspaniya (-14,6%) da azalma yaşayan ölkələr sırasındadır. Ümumilikdə 2 milyon 665 min 739 benzin avtomobili qeydiyyata alınıb və bu seqmentin bazar payı 27%-ə düşüb (ötən il 33,7%).
Dizel avtomobillərinin bazarı isə 24,4% geriləyərək 9% paya enib.
Noyabr ayı üzrə illik müqayisədə benzin satışları 21,9%, dizel satışları isə 23,2% azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz