
“Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”, - deyə dövlət başçısı qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz