
“Böyük dövlətlər qərar qəbul edərkən beynəlxalq qanunlar onlara hörmət etmir”.
Yeniavaz.com xəbər verir ki, bu fikri Budapeştdə keçirilən böyük mətbuat konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Beynəlxalq qanunlar artıq böyük dövlətlər üçün qərar qəbul edərkən bələdçi deyil”, - hökumət başçısı macar və xarici jurnalistlərin xahişi ilə ABŞ-nin Venesueladakı hərbi əməliyyatını şərh edərkən bildirib.
Orban hesab edir ki, bu hadisələrin nəticələri təkcə Latın Amerikasında deyil, dünyanın digər regionlarında da hiss olunacaq:
“Venesuela yalnız bir aksiyadır, başqaları da olacaq”.
Baş nazir ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu fikri ilə mahiyyətcə razılaşıb. Eyni zamanda, o, əmindir ki, belə pozuntular Avropada da baş verir və Avropa Birliyinin hazırkı rəhbərliyi onların baş verməsinə imkan verir:
“Beynəlxalq hüquq Macarıstanın maraqlarını qorumur, çünki Brüssel onu pozur. Əgər başqa yerlərdə buna məhəl qoyulmursa, biz niyə narahat olmalıyıq?”.
O qeyd edib ki, hazırda yeni dünya nizamı formalaşır, baxmayaraq ki, bunun nə olacağını söyləmək hələ tezdir:
“Hələ aydın deyil. Biz gözləməliyik”.
Tətbiqimizi yükləyə bilərsiniz