
İsveçrə Venesuela Prezidenti Nikolas Maduroya məxsus aktivlərin dondurulması barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
Federal Şuranın bazar ertəsi günü yaydığı mətbuat açıqlamasında bildirilib ki, 5 yanvar 2026-cı il tarixindən etibarən qərar dərhal qüvvəyə minib və Maduronun İsveçrədə yerləşən bütün aktivlərinə şamil olunub. Qurum bu addımla mümkün aktivlərin əlindən alınmasının qarşısını almağı hədəflədiyini açıqlayıb.
Mətbuat açıqlamasında vurğulanıb ki, aktivlərin dondurulması hazırda Venesuelada fəaliyyət göstərən hökumət üzvlərinə aid edilmir. Eyni zamanda qeyd olunub ki, gələcək məhkəmə prosesləri nəticəsində vəsaitlərin qanunsuz yolla əldə edildiyi sübuta yetirilərsə, İsveçrə həmin vəsaitlərin Venesuela xalqının rifahına xidmət etməsi üçün addımlar atacaq.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya qarşı bir sıra hərbi əməliyyatlar həyata keçirib. Bundan sonra Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ABŞ-yə aparılıb və hazırda məhkəməni gözləyirlər.
Məlumata görə, Maduro 25 illik dövr ərzində narkotik qaçaqmalçılığı ilə əlaqəli fəaliyyətlər də daxil olmaqla dörd ağır ittiham üzrə mühakimə oluna bilər.
Tətbiqimizi yükləyə bilərsiniz