Bu nömrə nişanı 1,5 milyon dollara satıla bilər


“1F” nömrə nişanı bütün rekordları yeniləyə və Böyük Britaniya tarixində ən bahalı nömrə nişanı ola bilər.
Yeniavaz.com
xəbər verir ki, onun “RM Sotheby's” hərracında 1-1,5 milyon dollara satılacağı və hazırkı milli rekordu təxminən ikiqat artıracağı gözlənilir.
Bu nömrə ilk dəfə 1957-ci ildə Esseks qraflığında qeydiyyata alınıb və onilliklər ərzində bir neçə lüks avtomobili bəzəyib.
Onun ən sonuncu “evi” təxminən 440 000 dollar baza qiyməti olan Ferrari 812 GTS olub. Bu o deməkdir ki, nömrə nişanının qiyməti avtomobilin qiymətindən daha bahalıdır.
Hazırda Böyük Britaniyada belə nömrə nişanları artıq çoxdan nömrə nişanı olmaqdan çıxıb və status simvoluna çevrilib. Kombinasiya nə qədər qısa və sadə olsa, onun qiyməti də bir o qədər yüksək olur.
Böyük Britaniyada hazırkı ən bahalı nömrə nişanı üçün rekord 2024-cü ildə hərracda təxminən 760 000 dollara satılan “JB 1” nömrə nişanına ​​məxsusdur. Əvvəllər rekord 2014-cü ildə 647 000 dollara satılan “25 O” nömrə nişanına məxsus idi.
Əgər “1F” daha yuxarı qiymətə satılsa, bu, Böyük Britaniyada rekordu yeniləməklə kifayətlənməyəcək, həm də tarixə düşəcək.
Müqayisə üçün, deyək ki, dünyanın ən bahalı nömrə nişanı üçün rekord Səudiyyə Ərəbistanından olan bir iş adamına məxsusdur. Nömrə nişanı “1” rəqəmindən ibarətdir və qiyməti 14 milyon dollardır.
Qeyd edək ki, hərracçılar “1F”-in təkcə status simvolu deyil, həm də bir investisiya olduğunu vurğulayırlar. Kolleksiyaçılar üçün bu, superkarlarına yeni bir status qazandıra biləcək unikal bir şansdır.

DİGƏR XƏBƏRLƏR

Top