
5 yanvar 2026-cı il tarixində saat 15:00-da Yeniavaz.com saytında “Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib” sərlövhəli xəbər dərc olunub.
Xəbər dərc olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri İlkin Kərimov redaksiyamıza müraciət edərək məlumatın səhv olduğunu bildirib. İlkin Kərimov qeyd edib ki, idxal olunan məhsul donuz ətinin unu deyil, donuz ətidir.
Məlumat üçün bildirək ki, Yeniavaz.com saytında yayımlanan “Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib” başlıqlı xəbər Dövlət Statistika Komitəsinin açıqladığı idxal-ixrac göstəricilərində yer alan məlumatlar əsasında hazırlanıb.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdə yer alan “Donuz əti, budları, kürəkləri, sümükləri çıxarılmamış ətdən ərzaq unu” adlı məhsulun gömrük kodu “021011” olaraq göstərilib və Komitənin indiyədək açıqladığı bütün idxal-ixrac göstəricilərində bu kod və məhsulun adı dəyişməz qalıb.

AQTA-nın mətbuat xidmətinin rəhbərinin Yeniavaz.com-a müraciətindən sonra Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq. Komitədən bildirildi ki, “021011” kodu ilə göstərilən məhsul “Duzlanmış, qurudulmuş və ya hisə verilmiş donuz ətinin budları, kürəkləri və onların parçaları” kimi oxunmalıdır.
Dövlət Statistika Komitəsindən həmçinin bildirilib ki, gün ərzində idxal-ixrac göstəricilərinə müvafiq düzəlişlər ediləcək.
***05 yanvar 2026, 15:00
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən təxminən 50 kiloqram donuz əti və sümüyündən hazırlanan ərzaq unu idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən donuz əti və sümüyündən hazırlanan ərzaq ununun bir kiloqramının orta gömrük dəyəri 21,4 dollar (36,4 manat) olub.
Onu da bildirək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 4 ölkədən donuz əti və sümüyündən hazırlanan ərzaq unu idxal edib.
Birləşmiş Ərəb Əmirlikləri – təxminən 10 kq (3 dollar)
Almaniya – təxminən 30 kq (26,7 dollar)
İtaliya – təxminən 10 kq (11 dollar)
Portuqaliya – təxminən 10 kq (13 dollar)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz