
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk istefa ərizəsi yazıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Strana.ua” portalı jurnalist Stanislav Reçinskiyə istinadla məlumat yayıb.
Reçinskinin sözlərinə görə, hazırda təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsi uğrunda iki nəfər mübarizə aparır: sədr müavini Aleksandr Poklad və xüsusi əməliyyatlar mərkəzinin rəhbəri Yevgeni Xmara.
Yanvarın 2-də Ali Radanın deputatı Yaroslav Jeleznyak Malyukun vəzifəsindən azad edilməsinin mümkünlüyünü açıqlayıb. Parlament üzvünün sözlərinə görə, Malyuka “boş bir vəzifə” təklif ediləcək və bu, onun vəzifəsinin aşağı salınması demək olacaq.
Rada tərəfindən istefa ilə bağlı səsvermənin nə vaxt və necə baş tutacağı yaxın gələcəkdə müəyyən ediləcək.
Qeyd edək ki, yanvarın 2-də Zelenski bir sıra kadr dəyişiklikləri edib. Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb və Zelenskinin aparatının rəhbəri təyin edilib.
Budanovun vəzifəsini əvvəllər Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilmiş Oleq İvaşçenko tutub.
Zelenski həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deynekonun Daxili İşlər Nazirliyinə keçəcəyini və tezliklə boşaltdığı vəzifəyə namizədin təklif olunacağını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz