“Qızdırma 3 sutkadan artıq davam edərsə həkimə gedin” – Pulmonoloqdan xəbərdarlıq


Son günlər ölkədə pnevmoniya şikayəti ilə xəstəxanalara və poliklinikalara üz tutanların sayında artım müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, mövsüm dəyişikliyi, havaların qəfil soyuması və qripvari infeksiyaların geniş yayılması nəticəsində respirator xəstəliklərin sayı çoxalıb.
Xüsusilə pnevmoniya ilə bağlı şikayətlər diqqət çəkir.
Bəs pnevmoniya nədir və hansı əlamətlərlə özünü göstərir?
Mövzu ilə bağlı həkim-pulmonoloq Əsəd Beydullayev Yeniavaz.com-a açıqlamasında bildirib ki, pnevmoniya ciddi və vaxtında müalicə tələb edən xəstəliklərdən biridir:
“Pnevmoniya ağciyərlərin iltihabi xəstəliyidir və bu iltihab infeksion mənşəli olub viruslar, bakteriyalar və ya hər ikisinin təsiri nəticəsində yarana bilər. Xəstəliyin klinik gedişi onun törədicisinə uyğun olaraq formalaşır. Pnevmoniya dədə-babadan el arasında “sətəlcəm” kimi tanınır və ciddi şəkildə ölümə səbəb ola bilən xəstəliklərdən biridir. Antibiotiklərin mövcud olmasına baxmayaraq, pnevmoniya ilə olan ölümlərin sayı yüksəkdir”.

Əsəd Beydullayev

Həkim-pulmonoloq qeyd edib ki, pnevmoniya müxtəlif klinik əlamətlərlə müşayiət oluna bilər və bu əlamətlərin vaxtında dəyərləndirilməsi xəstəliyin gedişinə birbaşa təsir göstərir:
“Pnevmoniyanın əsas əlamətləri yüksək bədən hərarəti, quru və ya bəlğəmli öskürək, ümumi halsızlıq, ağır hallarda nəfəs darlığının yaranması və bəzi hallarda qanlı bəlğəmin müşahidə olunmasıdır. Xəstəlik gedişinə görə tipik və atipik olmaqla iki növə ayrılır. Tipik pnevmoniyalar adətən yüksək hərarətlə keçdiyi halda, atipik pnevmoniyalar daha sakit gedişli olur, temperatur nisbətən aşağı olur, lakin ağciyərlərdə bronxit-pnevmoniya mənzərəsi yarada bilər”.
Əsəd Beydullayev onu da deyib ki, mövsümi qrip infeksiyalarının artması pnevmoniya riskini xeyli yüksəldir və bu səbəbdən vətəndaşlar daha diqqətli olmalıdırlar:
“Hazırda ölkəmizdə artan qrip infeksiyaları zamanı pnevmoniya hallarına daha çox rast gəlinir, çünki qrip keçirən şəxslərdə immun sistemi zəifləyir, halsızlıq yaranır və mövcud virus infeksiyasına bakterial infeksiya qoşula bilər. Bəzi hallarda isə virusun özü pnevmoniyanın formalaşmasına səbəb olur. Əgər qızdırma 3 sutkadan artıq davam edərsə, bəlğəmli öskürək, halsızlıq, iştahasızlıq və nəfəs darlığı müşahidə olunarsa, mütləq həkimə müraciət edilməli, rentgen və qan müayinələri aparılmalıdır. Pnevmoniya vaxtında və erkən diaqnoz qoyulduqda böyük əksər hallarda uğurla müalicə olunur, lakin diaqnoz gecikdirildikdə, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə və 5 yaşdan kiçik uşaqlarda xəstəlik daha ağır keçə və ölümcül nəticələrə səbəb ola bilər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top