
Britaniyanın “Autocar” avtomobil portalı planetin ən uzun 10 avtomobil tunelinin siyahısını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda ilk yeri Norveçdəki Lerdal tuneli tutub.
2000-ci ildə açılan bu tunel 24,51 kilometr uzunluğu ilə hələ də dünyanın ən uzun avtomobil tuneli titulunu qoruyub saxlayır.
Dağ silsiləsinin altından keçən bu tunel Lerdal və Aurlandı birləşdirir və sürücülərin yorğunluğunu azaltmaq üçün hazırlanmış qeyri-adi işıqlandırma sistemi ilə tanınır.
İkinci yeri Avstraliyada yerləşən və Sidneyin əsas nəqliyyat strukturunun bir hissəsini təşkil edən “VestKonneks” tuneli tutur. Tunelin uzunluğu 22 kilometr təşkil edir.
Üçüncü yerdə Yaponiyada yerləşən və dünyanın ən uzun şəhər yeraltı tunellərindən biri olan və sıx məskunlaşmış Tokio ərazisinin altından keçən Yamate tuneli qərarlaşır. Bu tunelin uzunluğu isə 18,20 kilometrdir.
Siyahıya həmçinin Çində yerləşən, 18,04 kilometr uzunluğu ilə dağ silsiləsinin altından keçən Çjunnanşan və olduqca çətin geoloji şəraitdə inşa edilən və 17,54 kilometr uzunluğu olan Çzinpinşan tunelləri daxildir.
Uzunluğu 16,84 kilometrə çatan və bir vaxtlar dünyanın ən uzun tuneli olan İsveçrənin Qottard tuneli isə Alp dağlarından keçən mühüm nəqliyyat dəhlizi olaraq qalır.
Siyahıda 7-ci və 8-ci yerlərdə Çinin Tyantayşan (15,56 km) və Myuçjaylin (15,22 km) tunelləri yerləşir.
9-cu yeri isə Türkiyədəki təhlükəli dağ aşırımının yerini almaq üçün tikilən Ziqana tuneli (14,48 km) tutur.
İlk onluğu isə dünyanın ən uzun sualtı avtomobil tuneli olan və 14,46 kilometrə qədər uzanan Norveçdəki “Rufyulketunnel” tamamlayır.
Tətbiqimizi yükləyə bilərsiniz