
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanova Prezident ofisinə rəhbərlik etməyə dəvət etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Zelenski Budanovla görüşündə şəxsən ona bu vəzifəni təklif edib.
"Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək”, - Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin Budanova, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və digər liderlər və qurumlarla birlikdə Dövlətin Müdafiəsi və İnkişafı üzrə Strateji Çərçivəni və sonrakı addımları yeniləməyi və təsdiq üçün təqdim etməyi tapşırdığını bildirib.
Ancaq o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.
Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin “RBK-Ukrayna” agentliyinə bildirib ki, Budanovun ofis rəhbəri vəzifəsinə təyin edilməsi üçün bütün rəsmi prosedurlar artıq başlayıb.
Digər tərəfdən, Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisinə rəhbərlik etmək təklifini qəbul etdiyini bildirib.
Budanov bu barədə “Telegram” kanalında məlumat verib.
“Ukrayna üçün bu tarixi dövrdə dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.
Tətbiqimizi yükləyə bilərsiniz