
İranda yüksək inflyasiyaya qarşı ölkəni bürümüş etirazlar zamanı təhlükəsizlik zabiti öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran dövlət televiziyasının hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, insident yanvarın 31-i axşam saatlarında İranın qərbində yerləşən Kuhdəşt şəhərində toqquşmalar zamanı baş verib. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan və etirazların dağıdılmasında iştirak edən 21 yaşlı üzv öldürülüb.
Məlumata görə, 13 polis əməkdaşı daş atma hücumları nəticəsində yaralanıb.
“BBC News”un məlumatına görə, həmin gün Kuhdəştdə lentə alınan görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması görünür.
Qeyd edək ki, İranda nümayişlər ötən bazar günü, dekabrın 28-də Tehranda bazar tacirlərinin yüksək inflyasiya və yerli valyutanın ucuzlaşmasına etiraz olaraq dükanlarını bağladıqdan sonra başlayıb. Sonrakı günlərdə tələbələr və şəhər sakinlərinin də qoşulduğu etirazlar bütün ölkəyə yayılıb. Təhlükəsizlik qüvvələri etirazçıları saxlayıb, bəzi ərazilərdə atışma və qarşıdurma baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz