
Yəqin, çox az günümüz olar ki, problemlərlə başlamasın və ya problemlərlə qurtarmasın. Çox vaxt belə günlərdən sonra səhhətimizdə müəyyən problemlər meydana çıxır və biz istər-istəməz bunun səbəbini başqa yerdə axtarmağa çalışırıq. Halbuki başqa yerdə səbəb axtarmağa ehtiyac yoxdur. Diqqət yetirsək, bütün bu problemlərin başında stresin dayandığını görərik. Orqanizmin stresə qarşı bu reaksiyası isə başqa cür “ümumi ahəng sindromu” adlanır. Bu sindrom özünü əsasən “təhlükə”, “müqavimət” və “yorğunluq” kimi üç mərhələdə göstərir.
“Təhlükə” mərhələsi bədənin streslə qarşılaşdıqda ilk reaksiyasıdır. Orqanizm özünü müdafiə etməyə hazırlaşır. Adrenalin və kortizol kimi stress hormonları ifraz olunur. “Təhlükə” mərhələsində ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:
- Ürək döyüntüsünün artması,
- Tənəffüsün sürətlənməsi,
- Qan şəkərinin yüksəlməsi,
- Müvazinətin pozulması,
- Əzələ ağrıları,
- Oynaq ağrıları,
- Ağızda quruluq,
- Boğazda quruluq,
- İştahasızlıq (ya da əksinə),
- Yuxusuzluq (ya da əksinə),
- Baş ağrısı,
- Baş gicəllənməsi,
- Halsızlıq,
- Yorğunluq,
- Mədə-bağırsaq pozğunluğu,
- Həzm pozğunluğu,
- Həssaslıq (xüsusilə də səsə qarşı),
- Tərləmə (xüsusilə də əllərdə və ayaqlarda),
- Ürək bulanması,
- İshal və s...
“Təhlükə” mərhələsindən sonra orqanizm ikinci mərhələyə qədəm qoyur. Bu mərhələ “müqavimət” mərhələsidir. Bu mərhələdə orqanizm stresə uyğunlaşmağa çalışır. Hormonlar əvvəlki kimi yüksək səviyyədə ifraz olunmaqda davam edir. Əgər orqanizm güclüdürsə, stresin fiziki təsirləri aradan qalxır. Əks halda isə bu təsirlər uzun müddət davam edir. Nəticədə, orqanizm yorulmağa başlayır.
“Müqavimət” mərhələsində ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:
- Diqqətin dağılması,
- Yaddaşın pozulması,
- Sinir gərginliyi,
- Əzələ gərginliyi,
- Baş ağrısı,
- Baş gicəllənməsi,
- Halsızlıq,
- Yorğunluq,
- İştahasızlıq (ya da əksinə),
- Yuxusuzluq (ya da əksinə) və s.
Bundan sonra isə “yorğunluq” mərhələsi başlayır. Bu mərhələdə orqanizmdə depressiya ilə müşayiət olunan bəzi orqanik xəstəliklər meydana gəlir. Mədə-bağırsaq xəstəlikləri, ürək-damar xəstəlikləri bu xəstəliklərdən ancaq bəziləridir. Üstəlik, bu xəstəliklər də öz yerində qalmır və başqa xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Bəs stresdən necə yaxa qurtarmaq olar? Bunun üçün hər şeydən əvvəl stresi düzgün xarakterizə etmək lazımdır. Bundan sonra başqa tədbirlərə əl atmaq olar. Məsələn:
- Dincəlmək üçün vaxt ayırın.
- Həmişə hərəkətdə olun.
- İş vaxtınızı düzgün bölüşdürün.
- Görəcəyiniz işləri bir kağıza yazın.
- Lazım olan qədər yatın.
- Yemək rejiminə riayət edin.
- Çox çay və ya qəhvə içməyin.
- Çətin vəziyyətlərdə özünüzü itirməyin.
- Problemlərinizi başqaları ilə bölüşün.
- İnsanlarla ünsiyyətə əhəmiyyət verin.
- Hadisələrə nikbin baxmağı öyrənin.
- Hobbilərinizin sayını artırın.
- Xatirə dəftəri tutun.
- Həyəcanlanmaqla (ya da özündən çıxmaqla) heç bir şeyi həll etmək mümkün olmadığını unutmayın.
- Lazım olduqda kömək istəməkdən çəkinməyin.
- Səhərə axşamdan hazır olun.
- Özünüzü səbirli olmağa alışdırın.
- Başqalarının vaxtınızı oğurlamasına imkan verməyin.
- Lazım gəldikdə “yox” deməkdən çəkinməyin.
- Stress sizi yox, siz stresi idarə edin və s.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz