
Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 466,3 min dollar olan 90 milyon 437,8 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 7,15 sent (təxminən 12 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yumurta ixracı 22% və ya 16 milyon 296 min ədəd artıb.
Qeyd edək ki, bu il ixrac edilən bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 15% və ya 2 qəpik baha olub. Belə ki, ötən ilin ilk 10 ayı ərzində xaricə satılan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 14 qəpikdən baha olub.
Bu ilin ilk 10 ayında yumurta ixracı 6 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qambiya, Qətər və Syerra-Leoneyə həyata keçirilib:
- Birləşmiş Ərəb Əmirliklərinə – 54 527,76 min ədəd (1 ədədi – 14,4 qəpik)
- ABŞ-yə – 33 499,44 min ədəd (1 ədədi – 10,8 qəpik)
- İraqa – 360 min ədəd (1 ədədi – 9,9 qəpik)
- Qambiyaya – 898,56 min ədəd (1 ədədi – 10,4 qəpik)
- Qətərə – 360 min ədəd (1 ədədi – 14,4 qəpik)
- Syerra-Leoneyə – 792 min ədəd (1 ədədi – 10,9 qəpik)
Xatırladaq ki, bu ilin noyabr ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 19 qəpik təşkil edib. İlin əvvəli ilə müqayisədə daxili bazarda toyuq yumurtasının qiyməti 20%-ə yaxın bahalanıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz