“Bazara çıxıram, əti görüb geri qayıdıram – kilosu 18 manatdır”


“Naxçıvanda Yeni ili maddi çətinliklər, borc yükü və gələcəyə ümidsizlik içində qarşılayan ailələrin sayı bu il də artıb - iş yerlərinin bağlanması, maaşların azaldılması və qiymətlərin süni bahalaşdırılması fonunda. İl ərzində xüsusilə dövlət sektorunda aparılan ixtisarlar və maaşların aşağı salınması qiymət artımı ilə üst-üstə düşüb. Bu fərq bir çox ailəni gündəlik xərcləri belə borc hesabına qarşılamağa məcbur edir. Bayram isə bir çox ailə üçün sevinc yox, əlavə stress və gərginlik mənbəyinə çevrilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” yazıb.
Naxçıvan şəhər sakini Səkinə Axundova sosial şəbəkə səhifəsinə deyir ki, çalışdığı dövlət idarəsində maaşlar bu il az qala yarıbayarı azaldılıb. Hazırkı maaşı dörd nəfərlik ailənin gündəlik tələbatını güclə qarşılayan sakin bildirir ki, bu il bayram süfrəsi borc hesabına açılacaq:
“Əvvəllər 700 manat maaş alırdım, bir neçə ay öncə 400 manata salıblar. Kredit borcum var, hər ay banka ödəniş edirəm. Bazara çıxıram, əti görüb geri qayıdıram - kilosu 18 manatdır. Bir kilo hinduşka əti 20-23 manatdır. Bu şərtlər altında bayram nədir, normal yaşamaq belə çətindir. Uşaqlara görə borcla da olsa süfrə açmağa məcburam. Bir çoxları kimi mən də əlavə kredit götürəcəyəm ki, uşaqlar bayramı boş süfrə ilə qarşılamasınlar”.
İşini itirən sakinlər üçün isə vəziyyət daha ağırdır. Babək rayon sakini Əli Quliyev bildirir ki, işsiz qaldıqdan sonra ailəsi tam çıxılmaz duruma düşüb:
“İş yerimi bağladılar, heç bir kompensasiya da vermədilər. Bir gündən o biri günə gəlir mənbəyim kəsildi. Evdə iki azyaşlı uşaq var, kommunal xərclər var. Bu vəziyyətdə necə bayram keçirim? Bayram mənim üçün artıq sadəcə təqvimdə bir tarixdir. Yəqin ki, qeyd etməyəcəyik”.
“Sakinlər hesab edirlər ki, mövcud vəziyyət artıq tək-tək adamların problemi deyil, sistemli sosial böhranın göstəricisidir. Onlar iş yerlərinin bərpasını, maaşların əvvəlki səviyyəyə qaytarılmasını, sosial ödənişlərin vaxtında verilməsini və bazarda qiymətlərə real nəzarətin təmin olunmasını tələb edirlər”, - “Gündəlik Naxçıvan” yazıb.

DİGƏR XƏBƏRLƏR

Top