
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yeni telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında məlumat yayıb.
Livitt telefon danışığını pozitiv adlandırıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun məlumatına görə, telefon danışığı zamanı Tramp Putinə ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş barədə məlumat verib:
“Donald Tramp və bu danışıqda iştirak edən onun əsas müşavirləri dünən Mar-a-Laqoda Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqların əsas nəticələri barədə ətraflı məlumat verdilər”.
Uşakov vurğulayıb ki, bu danışıqlar zamanı ABŞ tərəfi müvəqqəti atəşkəs olmadan, Ukrayna tərəfinin israr etdiyi kimi deyil, müharibənin tam başa çatdırılmasına yönəlmiş mövqeyini ifadə edib.
Prezidentin köməkçisinin sözlərinə görə, Putin həmçinin Trampa Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz aparatlarla hücumu barədə məlumat verib:
“Tramp qeyd edib ki, ABŞ administrasiyası Ukraynaya bu cür hücumlar üçün silah verməyib. Vladimir Putin vurğulayıb ki, Rusiya tərəfi sülhə nail olmaq üçün yollar tapmaq məqsədilə amerikalı tərəfdaşları ilə sıx və məhsuldar şəkildə işləməyə davam etmək niyyətindədir. Lakin əvvəlki mərhələdə əldə edilmiş bir sıra razılaşmalar və ortaya çıxan həll yolları ilə bağlı Rusiyanın mövqeyi təbii ki, yenidən nəzərdən keçiriləcək. Bu, çox aydın şəkildə bildirilib”.
Tətbiqimizi yükləyə bilərsiniz