
Məlum olduğu kimi, 2025-ci ildə qızıl bazarında baş verən kəskin dəyişikliklər dünya maliyyə sektorunun diqqətini özünə cəlb edib.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, qiymətli metal bu il bir neçə dəfə tarixi rekordları yeniləyib və bunun səbəbləri arasında geosiyasi gərginliklər, Mərkəzi Bankların alternativ aktivlərə yönəlməsi və Çin tərəfindən aparılan aktiv alışlar xüsusi yer tutur.
“Trading Economics”in məlumatına görə, 24 dekabrda qızılın qiyməti bir unsiya üçün 4500 dollar həddini keçərək yeni rekord müəyyən edib. Ertəsi gün qiymət 0,4% azalaraq 4480 dollara düşsə də, ümumi artım tempini saxlayıb. Hesabatda bildirilir ki, ilin əvvəlindən bu yana qızılın qiyməti 70% bahalaşıb. Bu, 1979-cu ildən bəri ən böyük illik artımdır. Tələbatın artmasına əsas səbəb kimi ABŞ-Venesuela gərginliyi və ABŞ-də mümkün faiz endirimləri göstərilir.
Dünya Qızıl Şurasının statistikası da bazardakı kapital axınını təsdiqləyir. Noyabr ayında qızıl fondlarına daxil olan vəsaitlər 5,2 milyard dollar təşkil edib. Ümumi aktivlər isə 5,4% artaraq 530 milyard dollara çatıb.
Bazardakı ən böyük intriqalardan biri Çin Xalq Bankının görünməyən qızıl alışı siyasətidir. Rəsmi məlumatlara əsasən, Çin 2024-cü ilin əvvəlindən noyabr ayına qədər 26 ton əlavə qızıl alıb və ehtiyatlarını 2305 tona çatdırıb. Lakin “Financial Times” və “Societe General” analitikləri hesab edirlər ki, Pekinin real alışları açıqlanandan on dəfə çox – 250 tona yaxın ola bilər.
“El Pais” qəzetinə danışan ekspertlər isə Çinin ümumi qızıl ehtiyatının açıqlanan rəqəmlərin iki qatına – təxminən 5000 tona çata biləcəyini bildirirlər. Mütəxəssislər bunu Pekinin ABŞ dolları asılılığından qurtulmaq və ehtiyat aktivlərini dollardan qızıla yönəltmək siyasəti ilə əlaqələndirirlər.
Geosiyasi sanksiyalar fonunda Rusiyanın qızıl ixracı istiqamət dəyişib. “RİA Novosti”nin Çin gömrük məlumatlarına əsaslanan təhlilinə görə, Pekin yalnız noyabr ayında Rusiyadan 961 milyon dollar dəyərində qızıl alıb və bu, tarixdə ən yüksək göstəricidir. Əgər alışlar bazar qiyməti ilə həyata keçirilibsə, bu, təxminən 6,5 ton metal deməkdir.
Ənənəvi olaraq Rusiyanın qızılı London bazarı vasitəsilə satılırdı. Lakin 2022-ci ildə G7 və Avropa İttifaqının tətbiq etdiyi qadağalar səbəbilə Moskva metal axınını Şərq bazarlarına, xüsusilə də Çinə yönəltməyə məcbur olub.
Ekspertlər hesab edir ki, Çin üçün Rusiyanın qızıl ixracı davamlı və strateji satış kanalına çevrilə bilər və yaxın illərdə Pekin Rusiya qızılının əsas xarici alıcısı olaraq qalacaq.
Analitiklər bazar dinamikasının hələ pik həddə çatmadığını düşünürlər. ING hesablamalarına görə, Mərkəzi Banklar qızıl alışı üzrə dünya tələbatının əsas hərəkətverici qüvvəsi olaraq qalır və onların alış qrafiki 2026-cı ildə daha da artacaq.
Analitiklər hesab edirlər ki, qızılın qiyməti 2026-cı ildə unsiya üçün 4900–5000 dollara qədər yüksələ bilər. Bu artım həm dollardan imtina tendensiyası, həm də qlobal qeyri-müəyyənlik fonunda sərmayəçilərin təhlükəsiz liman olaraq qızıla yönəlməsi ilə bağlıdır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz