Dünyanın ilk dəfə altı tonluq dron Çində uçuşa başlayıb


Çinin United Aircraft şirkəti tərəfindən hazırlanan altı tonluq “Lanying R6000” pilotsuz uçuş aparatı bazar günü Çinin Siçuan əyalətində ilk uçuşunu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə rəsmi açıqlamanı “United Aircraft” şirkəti yayıb.
Məlumata əsasən, “Lanying R6000” pilotsuz uçuş aparatı 2000 kiloqrama qədər faydalı yük daşıma qabiliyyətinə malikdir. Aparatın maksimal kruiz sürəti saatda 550 km, uçuş məsafəsi isə təxminən 4000 km təşkil edir. Dron eyni zamanda 7620 metrədək yüksəklikdə fəaliyyət göstərə bilir.
Layihənin direktoru Çjao Fenminq “Global Times” qəzetinə açıqlamasında bildirib ki, R6000-ün uğurlu sınağı Çinin uzun illər mövcud olmuş texnoloji inhisarları pozduğunu və bu cür uçuş aparatlarının hazırlanmasında qlobal liderliyə yüksəldiyini göstərir.
Onun sözlərinə görə, “Lanying R6000” Çinin AERO Engine Corporation şirkəti tərəfindən müstəqil şəkildə hazırlanan AES100 turbovintli mühərriki ilə təchiz olunub. Aparatın əsas üstünlüklərindən biri şaquli qalxış və enişdən (VTOL) yüksək sürətli üfüqi uçuş rejiminə rahat keçid edə bilməsidir.
Şirkət nümayəndələri qeyd ediblər ki, bu unikal dizayn ənənəvi helikopterlərin şaquli qalxma, enmə və havada dəqiq asılı qalma imkanlarını, sabit qanadlı təyyarələrin isə uzun mənzilli uçuş, yüksək yükdaşıma və sürət üstünlükləri ilə birləşdirir. Nəticədə “Lanying R6000” ikili rejimli uçuş imkanlarına malik yeni texnoloji platforma kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, bu cür pilotsuz uçuş aparatları gələcəkdə hərbi, logistika, fövqəladə hallar və mülki aviasiya sahələrində geniş tətbiq oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top