
“Türkiyə 1 yanvar 2026-cı il tarixində Ermənistanla sərhədini üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana yuxarıda qeyd olunan sxemə uyğun olaraq sərhədin açılması planları da daxil olmaqla bir sıra təklif və niyyətlər paketi təqdim edib.
Buna baxmayaraq, qəzetin yazdığına görə, Türkiyə hələ ki, sərhədi yük daşınmaları üçün açmaq niyyətindı deyil.
Ankara həmçinin diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb. Lakin Türkiyə bu protokolun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir.
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələr, Türkiyənin ABŞ-dəki keçmiş səfiri Serdar Kılıç və Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan arasında ilk görüş 2022-ci ilin yanvar ayında Moskvada baş tutub.
Sonrakı görüşlər isə Avstriyanın paytaxtı Vyanada baş tutub. 1 iyul 2022-ci ildə Vyanada Kılıç və Rubinyan arasında keçirilən növbəti görüşdə üçüncü ölkə vətəndaşlarının və diplomatik pasport sahiblərinin Türkiyə-Ermənistan quru sərhədini ən qısa müddətdə keçə bilməsi üçün razılıq əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz