
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Gross Construction” QSC (VÖEN – 1702554411), “RƏMZİ” MMC (VÖEN – 1500840521), “Az-Caspian Construction” MMC (VÖEN – 1200409991) və “Layihə Bərpa Tikinti” MMC (VÖEN – 8000079611) ilə satınalma müqavilələri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, “Gross Construction” QSC Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 3 800 kv.m olan 20 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 321 min 982 manat 6 qəpik alacaq.
“RƏMZİ” MMC Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Kiş kəndində ümumi sahəsi 9 500 kv.m olan 50 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 3 milyon 319 min 934 manat 63 qəpik alacaq.
“Az-Caspian Construction” MMC Xocavənd rayonunun Xocavənd kəndində ümumi sahəsi 9 500 kv.m olan 50 ədəd, Quzeyxırman kəndində isə ümumi sahəsi 14 820 kv.m olan 78 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 8 milyon 509 min 549 manat 58 qəpik alacaq.
“Layihə Bərpa Tikinti” MMC isə Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 5 700 kv.m olan 30 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 988 min 29 manat 27 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ümumilikdə 228 fərdi evin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik ödəniş edəcək. Bir ədəd fərdi yaşayış evinin təmiri üçün isə 66 min 401 manat xərclənəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 010 manat olan “Gross Construction” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 2/29, mənzil 27-də yerləşən QSC-nin qanuni təmsilçisi Ələskərov Kamal Ələskər oğludur.
Nizamnamə kapitalı 10 manat olan “RƏMZİ” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Qafur Rəşad küçəsi, ev 15-də yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Habil Şahverdi oğludur.
Nizamnamə kapitalı 20 manat olan “Az-Caspian Construction” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xəzər rayonu, Viktor Seryoqin küçəsi, ev 8B, mənzil 45-də yerləşən MMC-nin qanuni təmsilçisi İbadov Rəşad Əsəd oğludur.
Nizamnamə kapitalı 5 000 manat olan “Layihə Bərpa Tikinti” MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xocalı rayonu, Xocalı şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Cəfərov Babək Nağı oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz