
“Nvidia” neyron şəbəkələrini sürətləndirmək üçün prosessorlar hazırlayan startap olan “Groq” ilə strateji tərəfdaşlığa razılıq verib.
Yeniavaz.com CNBC-yə istinadən xəbər verir ki, 20 milyard dollarlıq sövdələşmənin bir hissəsi olaraq “Nvidia” “Groq”un texnologiyasına lisenziya verib və onun əsas aktivlərini əldə edib.
Müqavilənin şərtlərinə əsasən, “Nvidia” “GroqCloud” bulud platforması istisna olmaqla, “Groq”un bütün inkişaflarına çıxış əldə edəcək. Bundan əlavə, startapın qurucusu Conatan Ross və idarə heyətinin bir hissəsi “Nvidia”ya qoşulacaq. “Groq” özü müstəqil biznes kimi mövcud olmağa davam edəcək. Şirkət bunun tam satınalma deyil, lisenziya müqaviləsi olduğunu vurğulayır.
Qeyd edək ki, Conatan Ross əvvəllər “Google”da yüksək vəzifələrdə çalışıb və “Tensor Processing Units” (TPU) yaradılmasında iştirak edib. O, 2016-cı ildə “Groq”u təsis edib və 2025-ci ilin sentyabrında startap 6,9 milyard dollar dəyərində 750 milyon dollar vəsait toplayıb.
Bu müqavilə “Nvidia”nın indiyə qədərki ən böyük sövdələşməsidir.
Tətbiqimizi yükləyə bilərsiniz