
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azerbaijan Airlines” aviaşirkətinə məxsus, Bakı-Qroznı reysini yerinə yetirən və Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi ilə bağlı araşdırmanın gedişatı barədə aralıq hesabat dərc edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Aralıq hesabatın hazırlanması dövründə komissiya tərəfindən faktiki məlumatların toplanması və təhlili həyata keçirilib. Bu zaman o cümlədən ekipaj, hava hərəkətinin idarə edilməsi orqanlarının dispetçerləri barədə məlumatlar, istismarçıya aid normativ aktlar, uçuşun hazırlanması və yerinə yetirilməsi üzrə sənədlər, meteoroloji məlumatlar və texniki xidmət materialları nəzərdən keçirilib. Uçuşla bağlı bort jurnalının və digər sənədlərin surətləri əldə edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, iş bort qeydiyyat cihazları ilə həyata keçirilib: uçuş məlumatları qeydedicisindən (FDR) uçuş parametrləri çıxarılıb, deşifrə olunub, həmçinin kabina səs qeydedicisi (CVR) deşifrə edilib.
Qazaxıstanın nəqliyyat naziri səlahiyyətlərini icra edən şəxsin 26.12.2024-cü il tarixli 433 nömrəli əmri ilə baş verən hadisənin araşdırılması üzrə komissiya aviasiya hadisəsinin səbəblərini və ona səbəb olan amilləri müəyyən etmək üçün işini davam etdirir.
Komissiya hava gəmisinin konstruksiya elementlərinin məkan mövqeyini təsbit etməklə aviasiya hadisəsinin baş verdiyi yerin ətraflı şəkildə yoxlanılmasını həyata keçirib. Foto və video fiksajlama aparılıb, hadisə yerindən hava gəmisinin aqreqatları toplanıb və aparılıb.
Aviasiya hadisəsinin araşdırılması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
- aşkar edilmiş kənar metal əşyaların (xarici obyektlər) kompleks (trasoloji, ballistik, partlayış-texniki və yanğın) ekspertizası.
Ekspertiza nəticələrinə görə partlayıcı maddələrin izləri aşkar edilməyib. Təhqiqat üçün təqdim edilmiş üç oksigen balonunda partlayış izləri yoxdur. Ehtimal ki, hava gəmisindəki zədələrə səbəb döyüş başlığının zədələyici elementləri olub, lakin onların mənşəyini müəyyən etmək mümkün olmayıb.
- hidravlik sistemin 2 nömrəli boru hissəsinin trasoloji ekspertizası. Tədqiqatın nəticələrinə görə, boruda zədələr olduğu müəyyən edilib. Zədələnmə mexanizmi metalın bərk cisimlərlə təmas nəticəsində qırılmasıdır.
Dəliklər dəmir əsaslı metal ərintilərdən (poladın əsası) hazırlanmış metal fraqmentləri (xarici obyektlər) tərəfindən yarana bilər;
- “Honeywell International Inc” istehsalçı zavodun bazasında Avionika Modul Blokundan çıxarılmış Mərkəzi Texniki Xidmət Kompüterinin (Central Maintenance Computer) kasetinin tədqiqi. Termiki təsir nəticəsində göstərilən kasetdən məlumatları çıxarmaq mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” zavodu yaddaş kartı istehsalçısı “Delkin Devices Inc” şirkətinə müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya "Delkin Devices Inc" zavodunun bazasında tədqiqat aparılması üçün ABŞ-nin səlahiyyətli nümayəndəsi ilə danışıqlar aparır.
- №1 və №3 Avionika Modul Bloklarından çıxarılmış Qlobal Mövqe Təyin Etmə Sisteminin (GPS1 və GPS2) kasetlərinin “CMC Electronics” zavodunda tədqiqi. İş başa çatıb, təhlil aparılır.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.
İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.
Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökmə Əliyeva həyatını itirib.
Tətbiqimizi yükləyə bilərsiniz