Ermənistan TRIPP layihəsinə 2026-cı ildə başlamağı planlaşdırır


“Tramp Marşrutu” Layihəsinin (TRIPP) həyata keçirilməsinin praktiki mərhələsi və tikinti işlərinin başlanması 2026-cı ilə nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Nazirlik qeyd edib ki, hazırda Ermənistan ABŞ-dən olan tərəfdaşları ilə TRIPP layihəsinə dair hüquqi baza və tənzimləyici mexanizmlər üzərində intensiv danışıqlar aparır. Məlumata görə, Ermənistan-Amerika birgə müəssisəsi kimi fəaliyyət göstərəcək “TRIPP Company” ölkə ərazisində yaradılacaq və dəmir yolu xətti, avtomobil yolu, eləcə də neft-qaz boru kəmərləri və fiber-optik rabitə xətləri daxil olmaqla infrastrukturun inkişafı üzrə hüquqlara malik olacaq.
Xatırladaq ki, sözügedən vaxt cədvəli bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də açıqlanmışdı.
Qeyd edək ki, 8 avqust tarixində Ermənistan və Azərbaycan liderləri ABŞ vasitəçiliyi ilə Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş bir neçə saziş imzalayıb. Həmin sənədlər sırasında Naxçıvan Muxtar Respublikasının Ermənistan üzərindən Azərbaycanın əsas hissəsinə birləşdirilməsini hədəfləyən “Tramp Marşrutu” da yer alır.
Məlumata əsasən, ABŞ “Tramp Marşrutu” üzərində 100 illik nəzarət hüququ əldə etməyi planlaşdırır. Layihə dəmir yolları, avtomobil yolları və enerji boru kəmərləri də daxil olmaqla geniş infrastruktur paketini əhatə edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top