Bir işıq söndü

Adam var ki, gördüyü iş, dediyi söz özündən çox-çox qədim, çox-çox dərin gəlir sənə. Bəlkə də ötən il tanımısan, amma elə bilirsən ki, min illərin dostu, sirdaşısınız. Təbii ki, bütün bunlar qarşı tərəfin səmimyyətindən, xoş münasibətindən qaynaqlanır.

Dünən səhər saatlarında ölüm xəbərini eşitdiyim Fikrət Sadıqla tanışlığımız da, dostluğumuz da iyirmi ilə yaxın olardı, amma bir az əvvəl dediyim kimi, onu çox qədim, tarixin dərinliyindən gələn adam kimi tanıyırdım. O zaman “Tumurcuq” uşaq qəzetində çalışırdım və yazı üçün Fikrət müəllimə mürəciət eləmişdik. Ərinib-eləmədən durub redaksiyamıza gəldi, oturub söhbət elədik, çay içdik, yazılarını qoyub getdi. Qəzetin rəssamı Kirman Abdin çox gözəl bir səhifə hazırladı və etiraf edim ki, o səhifə “Tumurcuq”un tarixində ən gözəl səhifələrdən biri oldu. Təqdimata ehtiyac olmasa da, redaksiyanın məsləhəti ilə kiçik bir giriş sözü yazdım və yazının adını da belə qoydum: “İşıqçı Fikrət baba, işıqlı Fikrət baba.” Səhifə Fikrət müəllimin özünün də çox xoşuna gəlmişdi və ondan sonra nəşriyyata gələndə vaxt ayırıb redaksiyamıza da baş çəkirdi. Bir dəfə təklif elədi ki, əlifbanın hər hərfinə bir şeir yazır, onu biz çap edək. Biz də bu təklifi məmnunluqla qəbul elədik və şeirləri rəssamımızın xüsusi tərtibatı ilə təxminən bir il boyunca ard-arda verdik. Şeirlər çox bəyənildi və bizə istər tiraj, istərsə də maddi baxımdan çox şey qazandırdı.

Bəzən saatlarla söhbət edirdik və söhbət edə-edə düşünürdüm ki, iricüssəli bu insanın köksündə nə qədər həssas, nə qədər kövrək bir ürək çırpınır. Üzünü görməsəm, özünü tanımasam, elə bilərdim ki, o şeirləri təxminən Məcnuna bənzəyən zəif bir adam yazır.

Hər şeyi zarafata salar, ən müşkül məsələləri belə bir sözlə, zarafatla həll etməyi sevərdi. Onun olduğu yerdə gərginlik olmazdı, çox gərgin atmosferi bir söz, bir atmaca ilə yumşaltmışdı və dünyanın bu qədər əsəbə dəymədiyinə inandırmışdı. Hər insan xarakterinin bir aparıcı tərəfi var, Fikrət müəllimin özünün də, sözünün də gücü səmimiyyətində idi. İşıq kimi bir adam idi, dolaşırdı dünyamızda. Ağrılarını içində basdırır, gileylənməyi sevməzdı.

Dünyamız qaçaqaç dövrünə girəndən sonra biznes sözü üstələdi və çörəyini sözdən çıxaran hər kəs kimi Fikrət müəllim də sakit, ifallı bir həyat tərzinə keçdi. Yazıçılar Birliyində gətdikcə sayı azalan tay-tuşları ilə oturar, gələn şeirləri, yazıları oxuyub rəy bildirər, olan-qalandan danışardılar. Son illər onunla görüşmək üçün dəfələrlə cəhd eləsək də, baş tutmadı. Bir neçə ay əvvəl iş yoldaşım Səməd Məlikzadə ilə birlikdə zəng elədik, görüşmək, geniş bir söhbət hazırlamaq istədiyimizi dedik. Haradan ağlına gəldisə dedi ki, kitabına bizim çəkdiyimiz şəkli verib və o şəkil üçün təşəkkür də elədi. Xatırladım ki, təxminən iyirmi il əvvəl redaksiyamızın qırmızı bir qapısı vardı və o qapının fonunda Fikrət müəllimin şəklini çəkib, özünə hədiyyə eləmişdik. Sonra da dedi ki, hazırda xəstəyəm, yataqdayam, ayağa qalxım, baxarıq.

Fikrət müəllimin bu cavabından sonra elə bil hiss elədim ki, bu görüş baş tutmayacaq. Halbuki, baş tutmayan o görüşdə çox şey soruşmaq, çox şey öyrənək istəyirdim Fikrət müəllimdən. Soruşmaq istəyirdüm ki, bu dünya dediyin nə olan şeydi; o sənə nə verdi, sən ona nə verdin; nəyindən razı, nəyindən narazı qaldın; ölümü düşünürmü, ölməkdən qorxurmu... Bir də demək istəyirdim ki, bütün bu dünyanın, həyatın qayəsini, mənasını iki-üç kəlmə ilə ifadə eləsin və elə iki-üç kəlmə ilə də sonradan gələnlərə nəsihət versin... Çox şey demək, soruşmaq istəyirdim, amma qismət olmadı.

Çox şey gördü dünyada, kasıblığı da, ehtiyacı da, dostu da, dönüklüyü də, oxucu sevgisini, tamaşaçı alqışını da, yeni-yeni kitabların, aldığı qonorarların sevincini də, övlad toyu da, bala dağı da... Çox şey gördü, qismətində nə vardısa, hamısını gördü, yaşadı, getdi.

Bu dünyada insanın insana verə biləcəyi ən böyük fayda ən səmimi duyğularla ardınca oxuduğu dualardır. Biz də ən səmimi duyğularımıza Allah-Taaladan Fikrət müəllimə rəhmət diləyirik, ailəsinə, yaxınlarına “başınız sağ olsun” deyirik.

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top