
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla keçirdikləri görüş iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın növbəti mərhələyə keçdiyini göstərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya dövlət mediası məlumat yayıb.
Bildirilib ki, tərəflər danışıqların əsas hissəsini hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə və xüsusilə Suriya ordusunun silahlanmasının modernləşdirilməsinə həsr ediblər. Bu çərçivədə silah satışına dair yeni müqavilənin imzalanması və Rusiyanın döyüş təcrübəsinin Suriya ordusu ilə bölüşülməsi müzakirə olunub.
“Reuters” yazır ki, müzakirələrdə Moskvada yaşayan keçmiş prezident Bəşər Əsədin Suriyaya qayıdışı gündəmdə olmayıb. Ekspertlər bunu ölkədə hakimiyyət məsələsinin böyük ölçüdə həll olunması ilə əlaqələndirirlər. Qeyd edilir ki, bir neçə həftə öncə Prezident Əhməd əl-Şaraa Moskvaya səfər etmiş və iki ölkə arasında münasibətlərin yenilənməsi istiqamətində ilkin razılıqlar əldə edilmişdi.
Görüşdə, həmçinin Suriya iqtisadiyyatının bərpası da müzakirə mövzusu olub. Uzun illər davam edən vətəndaş müharibəsi nəticəsində dağılan şəhərlərin yenidən qurulmasına dair Rusiya şirkətlərinin mümkün iştirakı, infrastruktur layihələrinə investisiyalar və əməkdaşlıq formatları nəzərdən keçirilib. Məlumata görə, Əl-Şaraa hökuməti Rusiyanın Suriyada hərbi bazalara sahib olmaq hüququnu saxlayır ki, bu da Kremlin bölgədə strateji mövqelərini qorumasına şərait yaradır.
Suriyanın Rusiyaya yaxınlaşması regionda maraqlı tərəflərin reaksiyasını sual altında qoyur. Hazırda Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ və İsrailin bu prosesə hansı mövqedən yanaşacağı bilinmir. Xatırladaq ki, Əl-Şaraa ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdən sonra Dəməşq ətrafında yeni Amerika hərbi bazasının yerləşdirilməsi barədə razılıq əldə edilib. Paralel olaraq, ərəb ölkələri Suriyanın bərpasına milyardlarla dollarlıq investisiya ayıracaqlarını bəyan ediblər. Region energetikasında mühüm mövqeyə malik Türkiyə və Azərbaycan isə artıq ölkənin enerji təminatının bir hissəsini öz üzərlərinə götürüb. İsrail və Suriya arasında isə Qolan təpələri məsələsi ilə bağlı diplomatik dialoq davam edir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz