
Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Shisha World” olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi “NEWS.am”ın yazılı sorğusuna cavab olaraq bildirib.
Məlumata görə, hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Shisha World” MMC-nin 100 faizi Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.
Daha əvvəl mediada Azərbaycandan benzin idxal edən şirkətin “Mega Trade” olduğu bildirilirdi. Bu şirkət Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsusdur.
Qeyd olunur ki, “Mega Trade” şirkəti Azərbaycandan 600 ton benzin idxal edib. Ümumilikdə isə Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium (Aİ 95) benzin Ermənistana gətirilib.
Xatırladaq ki, dünən yayılan məlumata əsasən, bu benzin Sukiasyanın şirkətinə məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dramdan (təxminən 1,9 manat) satılır.
Tətbiqimizi yükləyə bilərsiniz