
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailə üzvləri Rusiyaya qaçdıqdan sonra Moskvada dəbdəbəli həyat tərzi sürürlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Əsəd ailəsi Rusiyaya gəldikdən sonra Rusiya təhlükəsizlik xidmətlərinin himayəsi altında əvvəlcə Moskvadakı “Four Seasons” otelində yerləşən mənzildə yaşayıb. Məlumata görə, bu mənzildə həftəlik qalma haqqı 13 min dollara qədər çatıb. Daha sonra ailə Federasiya Qülləsindəki iki mərtəbəli “penthausa” köçüb, ardınca isə Moskvanın elit Rublyovka qəsəbəsində villada məskunlaşıb.
NYT-nin mənbələrindən biri bildirib ki, o, bir dəfə Moskvadakı Federasiya Qülləsinin 62-ci mərtəbəsində yerləşən restoranında Əsədlə şam yeməyində qarşılaşıb. Keçmiş rəsmi və regional diplomatın sözlərinə görə, Rusiya təhlükəsizlik xidmətləri Əsədi qorumağa və onun hərəkətlərini izləməyə davam edir. Mənbələr həmçinin ailəyə ictimaiyyətə açıqlama verməmək tapşırığının verildiyini bildiriblər.
Bu arada “Reuters” agentliyi yeni Suriya hökumətinin Bəşər Əsədin ekstradisiyası ilə bağlı sorğu göndərdiyi barədə məlumat yayıb.
NYT yazır ki, keçmiş prezidentin qardaşı Maher əl-Əsəd də Moskvada görünür. Onu tanıyan iki şəxs Maheri Moskvanın biznes rayonundakı göydələnlərdən birində, beysbol papağı ilə tanınmamağa çalışarkən bir neçə dəfə gördüklərini deyiblər. Ailə dostunun sözlərinə görə, Maher hazırda “Capital Tower” yaşayış kompleksində qalır. Sosial şəbəkələrdə isə iyun ayında Maherin Moskvadakı “Afimall” ticarət mərkəzində qəlyan barında istirahət etdiyini əks etdirən video yayılıb.
Məlumata görə, noyabr ayında Bəşər Əsəd dostlarını və Rusiya rəsmilərini qızı Zeynin 22-ci doğum günü münasibətilə şəhər kənarındakı villada təşkil olunan dəbdəbəli məclisə dəvət edib. Qohum və ailə dostlarının bildirdiyinə görə, tədbirdə yalnız yaxın çevrə iştirak edib. NYT qeyd edir ki, Maher Əsədin qızı Şam da 22-ci doğum gününü sentyabrın ortalarında Dubaydakı “Bagatelle” restoranında və daha sonra yaxtada qeyd edib.
Qəzetin məlumatına əsasən, hər iki gənc qadın hazırda BƏƏ-də yaşayır. Keçmiş hərbçilərin sözlərinə görə, Əsəd ailəsi BƏƏ rəsmiləri ilə uşaqlarının ölkədə qalmasına icazə verən xüsusi razılaşma əldə edib. BƏƏ rəsmiləri isə bu məlumatlara münasibət bildirməyiblər.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayının əvvəlində silahlı müxalifət qrupları Bəşər Əsədin devrildiyini və Dəməşqin ələ keçirildiyini elan ediblər. Bundan sonra Əsəd ölkəni tərk edərək Moskvaya gedib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Əsədə və ailə üzvlərinə sığınacaq verilməsi qərarını şəxsən özü qəbul edib.
Tətbiqimizi yükləyə bilərsiniz