ABŞ-nin “Tramp sinifli” yeni döyüş gəmiləri olacaq


ABŞ müasir hərbi gəmilərin yeni sinfini inşa edəcək.
Yeniavaz.com
xəbər verir ki, Prezident Donald Tramp dekabrın 22-də Floridadakı Mar-a-Laqo malikanəsində “Tramp sinifli” gəmilərin inşası planını təqdim edib.
Plana əsasən, təxminən 2,5 il ərzində yeni sinifdən iki gəmi tikilməlidir. Növbəti illərdə onların sayı əvvəlcə 10-a, daha sonra isə 25-ə çatmalıdır.
Prezident Tramp gəmilərin hipersəs və kruiz raketləri, eləcə də ən son lazer sistemləri daxil olmaqla qabaqcıl silahlarla təchiz olunacağını bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, onlar ölkə tarixində ən böyük, ən sürətli və ən güclü gəmilərə sahib olacaqlar. Bu gəmilər Amerika Hərbi Donanmasının flaqman gəmilərinə çevriləcək və ABŞ-nin hərbi üstünlüyünü gücləndirəcək.
Amerika lideri həmçinin Hərbi Dəniz Qüvvələrinin yeni gəmilərin dizaynına onunla birlikdə rəhbərlik edəcəyini bildirib.
Digər tərəfdən, Tramp ABŞ-nin 15-ə yaxın yeni sualtı qayığın inşa ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bu sualtı qayıqların bəziləri artıq tikilməkdədir, qalanlarının isə tikintisinə tezliklə başlanacaq.
Qeyd edək ki, Amerika mediasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda 294 əməliyyat gəmisi var. Pentaqon isə Çin Hərbi Dəniz Qüvvələrinin 370 belə gəmisi olduğunu bildirir. Hazırda Çinin donanması dünyada ən böyükdür.

DİGƏR XƏBƏRLƏR

Top