
Gürcüstanın tranzit dəhlizində yol istifadəsinə görə yük maşınlarından əldə olunan gəlirlər azalıb.
Yeniavaz.com “Biznes Media”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Xəzinədarlığı məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin ilk 11 ayında büdcəyə bu xidmətlərdən 155,4 milyon lari (57,8 milyon dollar) daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon lari və ya 5,5% azdır.
Gürcüstan Quru Daşıyıcıları Assosiasiyasının sədri İrakli Nemsadzenin sözlərinə görə, 2022–2023-cü illərdə müşahidə olunan kəskin artım davamlı inkişafın deyil, regionda baş verən hərbi hadisələrin nəticəsi olub. Onun bildirdiyinə görə, həmin dövrdə yaranan yük axınına lazımi infrastruktur və logistika dəstəyi göstərilmədiyi üçün hazırda marşrutlar alternativ istiqamətlərə yönəlməyə başlayıb.
Assosiasiya rəhbəri ötən ildən etibarən artım tempinin dayanmasını ilk “pis siqnal” adlandırır. Onun fikrincə, artımın olmaması əvvəlcə durğunluğa, daha sonra isə daha ciddi geriləməyə gətirib çıxara bilər.
Nemsadze Gürcüstan tranzit dəhlizinin rəqabət qabiliyyətini azaldan əsas problemlər arasında infrastruktur və logistika çatışmazlıqlarını qeyd edir. Xüsusilə Azərbaycan marşrutu üzrə bərə daşımalarında uzunmüddətli gecikmələr ciddi maneə yaradır. Onun sözlərinə görə, Bakı gömrük terminallarında bərə üçün 20–25 gün gözləmə müddəti daşınma sürətini xeyli azaldır və tariflərin yüksəlməsinə səbəb olur.
Vəziyyəti daha da çətinləşdirən amillərdən biri Qazaxıstanda tətbiq edilən qanunvericilik dəyişiklikləridir. Yeni qaydalar üçüncü ölkələrdə, o cümlədən Gürcüstanda yenidən yüklənmiş malların Qazaxıstan ərazisində daşınmasını məhdudlaşdırır. Bu isə bir çox gürcü daşıyıcının bazardan kənarda qalmasına və ilin ikinci yarısında daşımaların azalmasına gətirib çıxarıb. Məsələ hazırda danışıqlar mərhələsindədir.
Assosiasiya rəhbəri hesab edir ki, Gürcüstanın mövcud vəziyyəti düzəltmək üçün maksimum iki ili var. Bu müddətdə gömrük keçid məntəqələrində ötürmə qabiliyyətinin artırılması, terminalların inkişafı və üçüncü ölkələrdən alınan icazələr üzrə kvota problemlərinin həlli vacibdir.
Hazırda Gürcüstanda təxminən 17 min yük maşını qeydiyyatdadır, onların üçdə biri beynəlxalq daşımalar həyata keçirir. Gürcüstan daşıyıcılarının regionda əsas rəqibləri Türkiyə, Azərbaycan və Özbəkistan şirkətləridir.
Dövlət Xəzinədarlığının məlumatına görə, təkcə noyabr ayında Gürcüstan dəhlizindən 38 875 yük maşını keçib və bu, büdcəyə 13,6 milyon lari gəlir gətirib. Ümumilikdə isə ilin 11 ayı ərzində ölkə yollarından 444 min 71 yük maşını istifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz