
ABŞ Prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin yanvar ayından etibarən dünyanın müxtəlif yerlərindəki xarici missiyalardan 29 ştatlı diplomatı - səfirləri və digər yüksək vəzifəli məmurları geri çağıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” və “The Guardian” qəzetləri məlumat yayıb.
Qeyd edilib ki, Dövlət Departamentindəki mənbələrə görə, “Associated Press” ötən həftə ən azı 29 ölkədəki diplomatik nümayəndəliklərin nümayəndələrinə səlahiyyət müddətlərinin yanvar ayında başa çatacağı barədə məlumat verildiyini bildirib.
Bu ölkələr arasında ondan çox Afrika dövləti, Filippin və Vyetnam da daxil olmaqla Asiya-Sakit Okean regionundan altı, Avropadan isə dörd dövlət (Ermənistan, Makedoniya, Monteneqro və Slovakiya) var.
Geri çağırılacaq diplomatlar Co Bayden administrasiyası tərəfindən təyin edilib.
“Associated Press”in məlumatına görə, onların yerinə Trampın prioritetlərini və müvafiq “Amerika birinci” ideyasını dəstəkləyən işçilər təyin olunacaq.
19 dekabrda diplomatların geri çağırılmasının planlaşdırıldığı barədə məlumat verən “Politico” bu addımı “qeyri-adi” adlandırır - yeni prezidentlərin səfirləri əvəz etməsi adi hal olsa da, ştatlı diplomatlara adətən işlərini davam etdirməyə icazə verilir, çünki diplomatik xidmət işçiləri olaraq onlar istənilən Ağ Ev administrasiyasının iradəsini yerinə yetirməlidirlər.
Dövlət Departamenti bildirib ki, kadr dəyişikliklərindən təsirlənənlər diplomatik xidmətlərini itirməyəcəklər və digər vəzifələrini yerinə yetirmək üçün Vaşinqtona qayıdacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz