Tailand-Kamboca münaqişəsi – Evlərini tərk edən kambocalıların sayı 500 mini keçdi


Tailandla sərhəddə artan münaqişə ilə əlaqədar yarım milyondan çox kambocalı evlərini tərk edib.
Yeniavaz.com
“Khmer Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tailandın Kambocaya qarşı hücumları nəticəsində evlərini tərk etməyə məcbur olan mülki şəxslərin sayı 21 dekabr axşamı 525 min 231 nəfərə çatıb ki, bunlardan 274 min 800-ü qadın, 167 min 100-ü isə uşaqdır.
Nazirlik həmçinin qeyd edib ki, 7 dekabrdan bəri törədilən təcavüz aktları, o cümlədən artilleriya və raket hücumları, mülki yaşayış məntəqələrinin bombalanması nəticəsində 19 mülki şəxs həlak olub, 79 nəfər yaralanıb.
Tailand ordusunun Kamboca sərhəd bölgəsinə endirdiyi zərbələr nəticəsində 100-dən çox fərdi ev, beş məktəb, üç tibb mərkəzi, bir bazar, anbar, bir neçə qədim məbəd və paqoda, gömrük və aksiz idarəsi binası, 11 inzibati bina, üç otel, bir neçə körpü, bir yanacaqdoldurma məntəqəsi və 28 avtomobil məhv edilib.
Qeyd edək ki, Tailand-Kamboca sərhədində silahlı toqquşmalar dekabrın 7-də başlayıb. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, sərhəd bölgələrində bir neçə gün davam edən təxribatçı hərəkətlərdən sonra Tailand silahlı qüvvələri yeni qarşıdurma mərhələsini alovlandırmaq məqsədi ilə Kamboca mövqelərinə hücum etməyə başlayıb. Tailand ordusu bildirib ki, Kamboca qüvvələri sərhəd bölgəsindəki Tailand mövqelərini artilleriya atəşinə tutub və Tailand qoşunları əsas ərazilər üzərində nəzarəti ələ keçirmək və düşmənə zərər vurmaq məqsədilə Kambocanın hərbi infrastrukturuna hücum edərək cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top