Amnistiya aktının icrasına başlandı


Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qəbul edilən qərarın icrasına başlanılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.
Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.
Aministiya aktının icrası 4 ay çəkəcək.

DİGƏR XƏBƏRLƏR

Top