
“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 15-ci turunda “Haydenhaym”a (4-0) qarşı qol vuraraq Almaniya Çempionatında rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat verilib.
Belə ki, britaniyalı futbolçu hazırda Bundesliqada 100 qol və məhsuldar ötürmə (81 qol, 19 məhsuldar ötürmə) edib. O, buna 78 matçda nail olub ki, bu da 2004/2005 mövsümündə statistika toplanmağa başlayandan bəri ən yaxşı göstəricidir. Əvvəlki rekord 119 matçda Arjen Robbenə məxsus olub.
Qeyd edək ki, Keyn 2023-cü ilin yayında “Tottenhem Hotspur”dan “Bavariya”ya keçib. Bu mövsüm o, Almaniya Bundesliqasında Münhen komandası üçün 15 oyun keçirib, 19 qol vurub və üç məhsuldar ötürmə edib.
Keyn Çempionlar Liqasında altı oyun keçirib, beş qol vurub.
Hücumçu həmçinin Almaniya Kubokunda beş, Almaniya Super Kubokunda isə bir qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz