İsrail Fələstində 19 yeni yaşayış məntəqəsinin salınmasını təsdiqləyib


İsrail Təhlükəsizlik Kabineti işğal olunan Qərbi Şəriyədə 19 yeni yaşayış məntəqəsinin salınmasını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi İsrail hökumətinin açıqlamasına istinadən  məlumat yayıb.
Bununla da son üç il ərzində təsdiqlənən yaşayış məntəqələrinin ümumi sayı 69-a çatıb.
Maliyyə naziri Bezalel Smotriçin ofisinin yaydığı bəyanatda bildirilir ki, Smotriç və müdafiə naziri Israel Katzın Yəhudeya və Samariyada 19 yeni yaşayış məntəqəsinin elan edilməsi və rəsmiləşdirilməsi ilə bağlı təklifi kabinet tərəfindən qəbul olunub.
Açıqlamada qeyd edilir ki, bu addım Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəlib. Bəyanatda həmçinin vurğulanır ki, İsrail tərəfi “əcdadların mirası hesab edilən torpaqları inkişaf etdirməyə və məskunlaşdırmağa davam edəcək”. Bununla belə, qərarın dəqiq hansı tarixdə verildiyi açıqlanmayıb.
Bu fonda BMT daha əvvəl yaydığı hesabatda bildirib ki, oktyabr ayı ərzində israilli məskunlar tərəfindən işğal olunan Qərbi Şəriyədə fələstinlilərə qarşı ən azı 264 hücum qeydə alınıb. Bu göstərici BMT-nin 2006-cı ildən etibarən bu cür hadisələri izləməyə başlamasından bəri ən yüksək aylıq rəqəm hesab olunur.
Öz növbəsində, ABŞ administrasiyası İsrailin yaşayış məntəqələrini genişləndirməsinə icazə verməyəcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top