
ABŞ Prezidenti Donald Tramp ABŞ hökumətinin Florida ştatının Mar-a-Laqo şəhərindəki evində Federal Təhqiqat Bürosunun (FTB) apardığı axtarışa görə özünə 1 milyard dollar təzminat təyin edə biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə 19 dekabrda Şimali Karolina ştatının Roki Maunt şəhərində çıxışı zamanı bildirib.
ABŞ lideri əlavə edib ki, əldə edilən gəlir xeyriyyə təşkilatlarına bağışlanacaq.
“Bilirsiniz, mən məhkəməyə müraciət etmişəm və indi də qalib gəlirəm. Ancaq bir problem var və mən bunu həll etməliyəm. Ola bilsin ki, özümə 1 milyard dollar kompensasiya təyin edim və hamısını xeyriyyə təşkilatlarına verim. Ağlabatan səslənir, elə deyilmi?”, - Tramp qeyd edib.
Trapm həmçinin, bunun analoqu olmadığını və əvvəllər heç vaxt baş vermədiyini bildirib.
“Amma bu qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalı və özümlə razılaşmalıyam”, - Tramp təəssüflə bildirib.
Qeyd edək ki, oktyabr ayında “The New York Times” qəzeti Trampın keçmişdə ona qarşı apardığı federal araşdırmalara görə ABŞ Ədliyyə Nazirliyindən təxminən 230 milyon dollar təzminat tələb etmək niyyətində olduğunu bildirmişdi.
Qəzetin məlumatına görə, Tramp 2023 və 2024-cü illərdə hüquqlarının pozulması, o cümlədən FTB-nin Mar-a-Laqodakı iqamətgahında axtarış aparması, eləcə də Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxilə etməsi iddiası ilə bağlı iki inzibati şikayət ərizəsi verib.
Qəzet qeyd edir ki, inzibati şikayətlər texniki cəhətdən məhkəmə iddiaları deyil və əvvəlcə ABŞ Ədliyyə Nazirliyi tərəfindən məhkəmədən kənar həll edilib-edilməyəcəyini müəyyən etmək üçün nəzərdən keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz