
2025-ci ilin 19 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, “Techera Academy” MMC-nin dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yurdunda Mingəçevir Dövlət Universiteti sədası” adlı ədəbi-bədii tədbir keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tebeliyində Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəki şəhər Təşkilatının, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin üzvləri, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və Mingəçevir Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, eləcə də Şəki-Zaqatala regionunun ümumtəhsil məktəblərindən olan şagirdlər iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca süni intellekt texnologiyaları əsasında hazırlanmış, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli kimlik və vətənpərvərlik düşüncəsinin formalaşmasında müstəsna xidmətlərindən ətraflı bəhs edib. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə ədəbi irs deyil, eyni zamanda milli yaddaş, azadlıq ideyası və mənəvi bütövlüyün ifadəsidir. Anar Eminov bu irsin gənc nəslə aşılanmasının ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayaraq, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, tədbirin təşkilində əziyyəti olanlara, iştirakçılara və qonlaqlara təşəkkürünü bildirib.
Ardınca UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, ADPU-nun Şəki filialının direktor müavini Gülnarə Abdullayeva, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, Milli Məclisin Toponimika Komissiyasının üzvü Elçin İsmayılov-Muradxanlı və Mədəniyyət müəssisələri iş sektorunun müdiri Elvin Qarayev çıxış ediblər.
Çıxışlar zamanı Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan milli düşüncəsinin formalaşmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində oynadığı müstəsna rol, onun zəngin ədəbi irsinin elmi, ədəbi və mədəni aspektləri geniş şəkildə təhlil olunub. Çıxışçılar bu cür ədəbi-mədəni tədbirlərin regionlarda mədəni mühitin inkişafına, ali təhsil və elmi qurumlar arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Xalq şairi Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunda yazılmış şeirləri səsləndirilib, onun yaradıcılığının ideya-məzmun dərinliyini əks etdirən musiqi nömrələri və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir bədii formatda Bəxtiyar Vahabzadənin Ev Muzeyində davam etdirilib. Tədbir iştirakçıları Xalq şairinin zəngin həyat və yaradıcılıq yolunu əks etdirən eksponatlarla yaxından tanış olub, Bəxtiyar Vahabzadənin yaşadığı mənəvi mühitin ab-havasını hiss ediblər. Universitetin tələbələrinin ifasında Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilərək tədbirə xüsusi rəng qataraq yubiley proqramını daha yaddaqalan edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə il ərzində müxtəlif formatlı elmi, ədəbi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.








Esmira Hidayətova,Şəki
Tətbiqimizi yükləyə bilərsiniz