“Rusiya sərhədçiləri ölkə sərhədini 20 dəqiqəlik keçib” − Estoniya DİN


“Üç rus sərhədçisi dekabrın 17-də səhər saatlarında Estoniya ərazisinə daxil olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro danışıb.
Onun sözlərinə görə, hadisə Vasknarva kəndi yaxınlığında baş verib. Narva çayında dalğaqıran var, onun böyük hissəsi Estoniya ərazisində, daha kiçik hissəsi isə Rusiya ərazisindədir:
“Çərşənbə günü səhər saat 10 radələrində Rusiya sərhədçiləri qayıqla dalğaqırana yaxınlaşıblar, gəmidən düşüblər, dalğaqıran boyunca gediblər, Rusiyadan Estoniyaya nəzarət xəttini keçiblər, sonra qayığa qayıdıb Rusiya sahilinə gediblər”.
Estoniya hakimiyyətinin məlumatına görə, Rusiya sərhədçiləri ölkədə təxminən 20 dəqiqə vaxt keçiriblər. Onların motivləri məlum deyil.
Estoniya sərhədçiləri rusların hərəkətlərini müşahidə kameraları vasitəsilə müşahidə edib və bir neçə patrul göndəriblər, lakin sərhəd pozucularını yaxalaya bilməyiblər.
Dekabrın 18-də Estoniya sərhədçiləri insidentlə bağlı Rusiya sərhəd xidmətinin nümayəndələri ilə görüşüblər. Rusiya sərhədçiləri sərhədi qanunsuz keçməyi təkzib ediblər. Estoniya Xarici İşlər Nazirliyi öz növbəsində Rusiyanın müvəqqəti işlər vəkilini etiraz notası təqdim etmək üçün çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top