
ABŞ Nümayəndələr Palatası Demokratlar tərəfindən irəli sürülən və Venesuelaya qarşı mümkün hərbi əməliyyatları məhdudlaşdırmağı nəzərdə tutan iki qətnaməni rədd edib.
Yeniavaz.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, səsvermə ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı sərt bəyanatları fonunda baş tutub.
Məlumata görə, səsvermə Trampın Ağ Evdən Amerika xalqına müraciətindən bir neçə saat əvvəl keçirilib. Qətnamələrdən biri Nyu-Yorkdan olan demokrat konqresmen Qreqori Miks tərəfindən təqdim edilib və Konqresin icazəsi olmadan ABŞ ordusunun prezident tərəfindən terror təşkilatı kimi tanınan qurumlara qarşı döyüş əməliyyatlarında iştirakını qadağan etməyi nəzərdə tuturdu. Bu sənəd 216 lehinə, 210 əleyhinə səslə qəbul edilməyib.
İkinci qətnamə isə Massaçusets ştatından olan demokrat Cim MakQovern tərəfindən irəli sürülüb. Qətnamə prezidentin Konqresin razılığı olmadan ABŞ qoşunlarını Venesuelada və ya ona qarşı hərbi əməliyyatlara cəlb etməsini məhdudlaşdırmalı idi. Bu sənəd də 213-211 səs fərqi ilə rədd olunub.
Səsvermələr demək olar ki, tam şəkildə partiya xətti üzrə baş tutub. Bir neçə respublikaçı deputat Demokratların təkliflərini dəstəkləsə də, ümumi nəticəyə təsir etməyib.
Qətnamələrin rədd edilməsi Tramp administrasiyasının Venesuela ilə bağlı son addımları fonunda baş verir. Belə ki, ABŞ prezidenti bir gün əvvəl Venesuelaya gedən və ya oradan çıxan sanksiyalı neft tankerlərinə qarşı “tam və total blokada” tətbiq edildiyini elan edib. Tramp eyni zamanda Venesuela hökumətini xarici terror təşkilatı kimi tanıyıb.
Ağ Evin yaydığı məlumata görə, Tramp Venesuelada ABŞ-ə məxsus neft və digər aktivlərin “qanunsuz şəkildə mənimsənildiyini” iddia edib və Vaşinqtonun onları geri qaytarmağa çalışdığını bildirib. Prezident həmçinin ABŞ-nin regionda hərbi mövcudluğunu artıracağını vurğulayıb.
Bununla yanaşı, Venesuela BMT Təhlükəsizlik Şurasına müraciət edərək, “ABŞ-nin davam edən təcavüzünü” müzakirə etmək üçün təcili iclas çağırılmasını tələb edib. Diplomatik mənbələrin məlumatına görə, iclasın dekabrın 23-də keçirilməsi gözlənilir.
“Reuters”in məlumatına əsasən, sentyabr ayının əvvəlindən bəri ABŞ qüvvələri Karib dənizi və Sakit okean regionunda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı 20-dən çox əməliyyat həyata keçirib və nəticədə onlarla insan həlak olub.
Ekspertlər hesab edirlər ki, Konqresin qərarı Tramp administrasiyasına Venesuela ilə bağlı daha sərt və çevik addımlar atmaq üçün siyasi manevr imkanlarını genişləndirir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz