
Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilib.
Yeniavaz.com xəbər verir ki, son illərdə gənclər arasında elektron siqaretdən istifadə hallarında nəzərəçarpacaq qədər artım müşahidə olunur və istifadəçilərin bir qismi bunu ənənəvi siqareti tərgitmək istəkləri ilə izah edirlər.
Bəs görəsən, ənənəvi siqaret daha zərərlidir, yoxsa elektron siqaret?
Pulmonoloq Əsəd Beydullayev Yeniavaz.com-a açıqlamasında bildirib ki, elektron siqaretlərin zərəri ənənəvi siqaretlərdən daha çoxdur:
“Elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda, bir çoxları onları xilaskar kimi görürdü, amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil. Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur”.
Əsəd Beydullayev qeyd edib ki, elektron siqaretlə bağlı ilk ölüm faktı 2019-cu ildə ABŞ-də qeydə alınıb:
“Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin interstisial xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil, yəni effekti yüksək deyil”.
Pulmanoloq onu da qeyd edir ki, bəzi ölkələrdə elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edir:
“Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar”.
Əsəd Beydullayevin fikrincə, elektron siqaretlərin zərərləri barədə maarifləndirici videolar azdır:
“İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır və düşünürlər ki, tüstü insana nə edə bilər ki? Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onların zərərini bilməli və xüsusilə uzaq durmalıdırlar”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz